Efiopiya ÜTT-yə üzv olmaq istəyir
Efiopiya Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvolma prosesini bərpa edir.
Rakus.az xəbər verir ki, təqribən, 7 il dayandırılmış danışıqların növbəti yeni mərhələsi işçi qruplar arasında bu ilin oktyabr ayında bərpa olunacaq.
Efiopiyanın Baş Nazirinin siyasi məsələlər üzrə baş müşaviri Mamo Esmelealem Mixretu mətbuata açıqlamasında deyib ki, ölkənin təşkilata üzv olması prosesi 2019-cu ilin oktyabrında keçiriləcək danışıqların dördüncü mərhələsindən sonra bərpa olunacaq. Müşavirin sözlərinə görə, Efiopiya ÜTT-yə daxil olmaq üçün 15 il bundan əvvəl başlanmış prosesin yeni pilləsindədir. O qeyd edib ki, bu vaxta kimi təşkilata qoşulma prosesi şərtlərin müzakirəsini əhatə edib.
M.Mixretu ölkə iqtisadiyyatının bir çox sahələrinin liberallaşdırıldığını deyərək bildirib ki, “təxminən 2021-ci ildə Efiopiya ÜTT-yə üzv olduqdan sonra ölkənin beynəlxalq nüfuzu daha da möhkəmlənəcək, xarici sərmayəçilərin təhlükəsizliyi və etibarı ən yüksək səviyyədə dəstəklənəcək”.