Consonun hərəkəti müzakirələrə səbəb oldu - VİDEO
Böyük Britaniyanın baş naziri Boris Consonun Yelisey sarayında Fransa prezidenti Emmanuel Makronla fotosessiya zamanı ayağını kofe masasının üstünə qoyması birmənalı qarşılanmayıb.
Rakus.az xəbər verir ki, bir çox sosial şəbəkə istifadəçiləri, eləcə də KİV nümayəndələri britaniyalı hökumət başçısının bu hərəkətini müzakirə obyektinə çevirib və onu Fransa prezidentinə qarşı hörmətsizlikdə qınayıblar. Media nümayəndələrindən bəziləri isə eyni addımın Makron tərəfindən Bukingem sarayında təkrarlanacağı təqdirdə böyük skandalların yaşanacağını xatırladıb.
Bununla yanaşı, B.Consonun ünvanına tərif səsləndirənlər də olub. Bəzi rəyçilərin təbirincə, britaniyalı baş nazir “Brexit”lə bağlı gərgin danışıqların getdiyi bir ərəfədə çox “sakit və təmkinli” görünməklə Fransa prezidentinə “burada kimin əsas olduğunu” göstərməyə çalışıb.
Xatırladaq ki, Yelisey sarayında fotosessiya zamanı E.Makron kiçik masanı göstərərək onun ayaqaltı skamya kimi də istifadə oluna biləcəyini deyib və bunu zarafatla qarşılayan B.Conson bir anlıq ayağını masanın üzərinə qaldırıb və dərhal da yerə qoyub.