İranda türk fəallar mühakimə edilib
Qərbi Azərbaycan vilayətinin Sulduz şəhərində milli fəallar Musa Ziya Gərgəri və Səccad Şoheyrinin mühakimə prosesi başlanarkən, Ərdəbildə şair Rəhim Qulaminin apelyasiya məhkəməsi keçirilib.
Rakus.az xəbər verir ki, bu barədə insan haqları üzrə fəaliyyət göstərən HRA agentliyi məlumat yayıb.
Təhlükəsizlik qüvvələri Musa Ziya Gərgəri və Səccad Şoheyrini iyulun 22-də Sulduz şəhərində saxlayıb, vilayətin mərkəzi olan Urmiyənin Ettelaat həbsxanasına göndərmişdilər. İki fəal təqribən 25 gün sonra mülki zəmanət qarşılığında müvəqqəti olaraq sərbəst buraxılmışdı.
HRA-nın bildirdiyinə görə, “rejimə qarşı təbliğat” ittihamı ilə üzləşən fəalların məhkəmə iclası avqustun 28-də Sulduz (Nəğədə) Cəza Məhkəməsində keçirilib. Amerikanın Səsi məhkəmənin Ziya Gərgəri və Şoheyriyə göndərdiyi çağırış vərəqələrinin surətini əldə edib.
Hər iki fəal keçən illərdə də Babək Qalası yürüşü zamanı nəzarət altına alınıblar.
Ərdəbildə isə vilayətin Apellyasiya Məhkəməsi şair Rəhim Qulaminin kassasiya şikayətinə baxıb.
İlkin məhkəmədə internetdə yalan xəbərlər yayaraq “rejimə qarşı təbliğat” fəaliyyəti göstərmək, “GAMAC” adlı təşkilata üzv olmaq və İranın ali dini liderini təhqir etmək ittihamları ilə mühakimə edilmişdi.
O daha sonra “ali dini lideri təhqir etmək”-də günahlandırılaraq bir il həbsə məhkum edilib.
Rəhim Qulami keçən mart ayında nəzarət altına alınıb və təqribən 2 ay sonra mülki zəmanətlə müvəqqəti olaraq sərbəst buraxılıb.
Qulami keçən illərdə mədəni və siyasi fəaliyyətləri üzündən dəfələrlə mühakimə və həbsə məruz qalıb.