Türkiyə üçün qurulan bütün məkrli planları pozacağıq – Ərdoğan
“Suriya, İraq və Şərqi Aralıq dənizində Türkiyə üçün qurulan bütün məkrli planları pozacağıq”.
Rakus.az xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu fikirləri Türkiyənin ən önəmli milli bayramlarından biri olan 30 avqust Zəfər bayramının 97-ci ildönümü ilə əlaqədar paylaşılan mesajda bildirilib.
Zəfər Gününü Türkiyə tarixinin ən şanlı səhifələrindən biri adlandıran Ərdoğan bu qələbənin əsas səbəbkarları – İstiqlal uğrunda döyüşün baş komandanı Qazi Mustafa Kamal Atatürkü, 1922-ci il Böyük Millət Məclisinin üzvlərini və Türk Ordusunun bütün əsgərlərini hörmətlə yad edib.
Bu gün də Türkiyəyə qarşı xain niyyətlərin olduğunu vurğulayan prezident bu məkrli planları, qurulan tələləri qırmağa hazır olduqlarını deyib: Ölkəmizə qarşı qurulan bütün tələləri qırmağa qərarlıyıq. Əlbəttə, millətimizin və Kipr türklərinin hüquqlarını ələ keçirməyə imkan verməyəcəyik. Bu gün müstəqillik və gələcək üçün Vətən naminə 87 il öncə göstərilən fədakarlıq və cəsarəti eynilə göstərməyə hazırıq”.