Vitse-prezident Zelenski ilə görüşdü
ABŞ-ın vitse-prezidenti Mayk Pens bazar günü Varşavada Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşüb.
Rakus.az xəbər verir ki, vitse-prezident Zelenskiyə Ukraynanın ərazi bütövlüyünün ölkəsi tərəfindən dəstəkləndiyini bildirib.
“Sizi əmin edə bilərəm ki, cənab prezident, ABŞ-la Ukrayna arasındakı münasibətlər heç vaxt belə güclü olmayıb”, – Pens belə deyib. O bildirib ki, ABŞ “Rusiya zorakılığına qarşı” mübarizədə Ukraynanı dəstəkləyir.
“Tramp administrasiyası Ukrayna xalqını dəstəkləyir və Ukraynanın ərazi bütövlüyünü qəti şəkildə müdafiə edir. Sizi əmin edə bilərəm ki, gələcəkdə də Ukrayna xalqının təhlükəsizliyinə, ərazi bütövlüyünə, o cümlədən Krımda Ukraynanın qanuni tələblərinə dəstəyimizi davam etdirəcəyik”, – deyə vitse-prezident əlavə edib.
Bununla yanaşı, Pens ABŞ-ın Ukraynaya hərbi yardımının dayandırılması ilə bağlı jurnalistlərin sualını cavablandırmayıb.
Xatırladaq ki, Polşada II Dünya Müharibəsinin başlamasının 80-ci ildönümü ilə əlaqədar tədbir keçirilir. Polşa hökuməti bu tədbirə NATO, AB-dəki müttəfiqlərini, həmçinin Almaniyanı və Şərq tərəfdaşlığı ölkələrini dəvət etsə də, Rusiya nümayəndəliyini dəvət etməyib.