Yaxşı olardı ki, Türkiyə Suriyanın qanuni hökuməti ilə əməkdaşlıq etsin – Cavad Zərif
“İran Türkiyənin cənub sərhədlərində təhlükəsizliklə bağlı narahatlığını başa düşür. Lakin yaxşı olardı ki, Türkiyə bu təhlükəsizliyin təmin olunması üçün Suriyanın qanuni hökuməti ilə əməkdaşlıq etsin”.
Rakus.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif rusiyalı həmkarı Sergey Lavrovla keçirdiyi görüşün yekunlarına dair birgə mətbuat konfransında bildirib.
Türkiyə və ABŞ-ın Suriyanın İdlib əyalətində birgə təhlükəsiz zona yaratmaq cəhdləri ilə bağlı planlarına rəsmi Tehranın münasibəti ilə bağlı suala cavab verən Zərif ABŞ-ın regionda hərbi mövcudluğunun qeyri-qanuni olduğunu, bu ölkənin beynəlxalq hüquq normalarını pozaraq Suriyaya daxil olduğunu vurğulayıb: “O ki, qaldı Türkiyəyə, biz türkiyəli dostlarımızın narahatlığını başa düşürük. Türkiyə cənub sərhədlərində təhlükəsizliyin təmin olunmasını istəyir. Yaxşı olardı ki, onlar bu məsələdə Suriyanın qanuni hökuməti ilə əməkdaşlıq etsinlər. Beynəlxalq hüquq və normaları pozaraq icazəsiz digər dövlətin ərazisinə girmək düzgün deyil”.