Ermənistanda Tələt Paşanı təhqir edən heykəlin qoyulması Türkiyədə etiraza səbəb oldu
Türkiyənin Vətən Partiyasının Gənclər Təşkilatının sədri Özgür Bursalının rəhbərliyi ilə bu gün Ankarada etiraz aksiyası keçirilib.
Rakus.az xəbər verir ki, etiraz aksiyasına Osmanlı dövlətinin baş naziri Tələt Paşanın qatili olan erməni terrorçu Soğoman Tehliryana Yerevanda abidə ucaldılması səbəb olub.
Ankaranın Ulus rayonunda Atatürkün abidəsi önündə keçirilən tədbirdə çıxış edən gənclər bildiriblər ki, erməni soyqırımını yalanlayan Tələt Paşanı Berlində 1922-ci ildə xaincəsinə qətlə yetirən terrorçu Soğoman Tehliryanın heykəlinin ayağı altında bir dövlət adamının kəsik başının əks etdirilməsi türk millətinə həqarətdir, açıq-aşkar təxribatdır. “Tehliryan terrorçu, Tələt Paşa hürriyyət qəhrəmanıdır” şüarını səsləndirən gənclər dövlət və qeyri-dövlət təşkilatlarına və dünya ictimaiyyətinə çağırış ediblər: “Biz Vətən Partiyasının gəncləri olaraq söz veririk ki, Tələt Paşanın başını yerdə qoymayacağıq. Bu heykəl millətlər arasında kin və nifrəti püskürdür. Terrorçu heykəli ucaltmaqla Tələt Paşanı aşağılaya bilməzlər. Böyük hürriyyət qəhrəmanı Tələt Paşa tarixdəki şanlı yerini çoxdan qazanıb. O, bu torpağın yetişdirdiyi ən böyük fədailərdən, vətənsevərlərdən biridir. İmperialist dövlətlər “parçala və hökm sür” niyyəti ilə yenə də xalqlar arasına nifaq salma əməllərindən əl çəkmirlər. Partiyamızın rəhbəri Doğu Perinçek bu yalanları Avropa İnsan Haqları Məhkəməsində sübuta yetirdi. Buradan Türkiyə Cümhuriyyətinin Prezidentini, xarici işlər naziri və digər hökumət rəsmilərini bu nifrət heykəlinin məhv edilməsi üçün hərəkətə keçməyə çağırırıq”.
Xatırladaq ki, dünən Dünya Azərbaycanlıları Platformasının (DAP) Ankarada təşkil etdiyi “Dünya azərbaycanlılarının Türkiyə görüşü” adlı konfransında Türkiyənin Vətən Partiyasının sədri Doğu Perinçek Tələt Paşanın qatili olan erməni terrorçu Soğoman Tehliryana Yerevanda abidə ucaldılması ilə bağlı sərt fikirlərini bildirib və bütün dünya ictimaiyyətinə müraciət edib.
Tədbirdə Vətən Partiyasının sədrinin çağırışına Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının İstanbuldan seçilən millət vəkili, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Şamil Ayrım da dəstək verib.