Zərif Moqeriniyə məktub göndərdi
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif nüvə anlaşması ilə bağlı öhdəliklərin azaldılmasının üçüncü mərhələsinin başlaması ilə əlaqədar Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi Federika Moqeriniyə məktub göndərib.
Rakus.az xəbər verir ki, bu barədə İran XİN-in rəsmi nümayəndəsi Abbas Musəvi bildirib.
“Xarici işlər naziri bu gün xanım Moqeriniyə məktub göndərib”, – Musəvi belə deyib.
Onun sözlərinə görə, mesajda deyilir ki, “bu gündən etibarən Tehran tədqiqat fəaliyyəti ilə əlaqədar nüvə sazişinə dair bütün öhdəliklərin icrasını dayandırır”.
Həmçinin məktubda İranın bütün sahələrdə nüvə sazişinin qalan hissəsi ilə danışıqlar aparmağa hazır olduğu vurğulanır.
Qeyd edək ki, İran prezidenti Həsən Ruhani sentyabrın 4-də öz açıqlamasında Tehranın sentyabrın 6-da nüvə sazişi üzrə öhdəliklərinin azaldılmasının üçüncü mərhələsinə başlayacağını bildirib. Onun sözlərinə görə, ölkə atom tədqiqatında məhdudiyyətlərə riayət etməkdən imtina edəcək.