Honkonqda 157 nəfər saxlanıldı
Çinin Honkonq xüsusi inzibati bölgəsində sentyabrın 6-8-də keçirilmiş qanunsuz etiraz aksiyalarında zorakılıq əməllərinə, habelə qanunsuz silah gəzdirməyə, polisləri təhqir etməyə, icazəsiz toplaşmağa görə 14-63 yaşa arasında 157 nəfər saxlanılıb.
Rakus.az xəbər verir ki, həmin günlər ərzində bir neçə radikal etirazçı Honkonq beynəlxalq hava limanının ətrafında nəqliyyatın hərəkətini iflic ediblər. Digərləri ictimai nəqliyyat stansiyalarına maddi zərər yetirib, pəncərələri sındırıb, avadanlığı məhv ediblər.
Honkonq polisinin rəsmisi Tse Çun-çunq bildirib ki, bütün bunlar şəhər əhalisinin maraqlarına zidd olub.
Sonuncu aksiyalar zamanı 12 polis əməkdaşının xəsarət aldığını bildirən Tse Çun-çunq hüquq mühafizə orqanları əməkdaşlarının ictimai asayişin, təhlükəsizliyin və qanunun aliliyinin qorunması üçün öz işini davam etdirəcəyini deyib.
Ümumiyyətlə, son aylar Honkonqda ekstradisiya haqqında qanuna təklif olunan düzəlişə etiraz olaraq aksiyalar keçirilir. Aksiyaların gedişində dəfələrlə polis ilə etirazçılar arasında qarşıdurma yaranıb, xəsarət alanlar olub. İğtişaşların başladığı iyunun əvvəlindən bəri 200-dən çox polis əməkdaşı müxtəlif dərəcədə bədən xəsarəti alıb.