Ermənistanın təcavüzü ilə bağlı İtaliyada müzakirələr aparıldı
Xarici işlər naziri Elmar Məmmədyarov İtaliyaya səfəri çərçivəsində İtaliya Senatının sədri Maria Elizabetta Alberti Kasellati ilə görüşüb.
Rakus.az xəbər verir ki, Azərbaycanın Xarici İşlər Nazirliyindən verilən məlumata görə, görüşdə Azərbaycan-İtaliya strateji tərəfdaşlıq əlaqələrindən, ölkələrimiz arasında davamlı siyasi dialoq, yüksək səviyyəli qarşılıqlı səfərlər, geniş iqtisadi əməkdaşlıq, mədəniyyət, elm və təhsil sahələrində intensiv mübadilələrin mövcudluğundan məmnunluq ifadə olunub. Azərbaycan-İtaliya dostluq əlaqələrinin möhkəmlənməsində parlamentlərəarası əməkdaşlığın əhəmiyyəti vurğulanıb, bu xüsusda parlament nümayəndə heyətlərinin mütəmadi qarşılıqlı səfərləri və hər iki ölkənin parlamentində fəaliyyət göstərən parlamentlərarası dostluq qruplarının fəaliyyəti təqdir olunub.
M.E.Alberti Kasellati 18-19 iyul 2018-ci il tarixlərində İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın Azərbaycana dövlət səfərinin ardınca iki ölkə arasında yüksək səviyyəli qarşılıqlı səfərlərdə dinamikliyin davam etdiyini, bunun ardınca 25-26 sentyabr 2018-ci il tarixlərində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın İtaliyaya rəsmi səfərinin, 18-19 oktyabr 2018-ci il tarixlərində İtaliya Senatının sədri qismində özünün ölkəmizə rəsmi səfərinin, 6-8 may 2019-cu il tarixlərində Milli Məclisinin sədri Oqtay Əsədovun İtaliyaya rəsmi səfərinin həyata keçirildiyini bildirib. Azərbaycana rəsmi səfəri vaxtı ən yüksək səviyyədə qəbul edildiyini, Prezident İlham Əliyev ilə keçirdiyi görüşü məmnunluqla xatırladığını və bu səfərin ona ölkəmizin həqiqətləri ilə yaxından tanış olmağa imkan verdiyini, Azərbaycanın zəngin tarixi-mədəni irsini, iqtisadi inkişafını, multikultural mühitini yüksək qiymətləndirdiyini deyib. Birinci vitse-prezident Mehriban Əliyevanın Azərbaycanla İtaliya arasında mədəniyyət, elm və təhsil sahələrində əməkdaşlığa yetirdiyi diqqəti, Heydər Əliyev Fondunun İtaliyada həyata keçirdiyi layihələri və bu mənada dünya maddi-mədəni irsinin qorunmasına verdiyi töhfələri təqdir edib.
Nazir Elmar Məmmədyarov Azərbaycan və İtaliya arasında bütün sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın olduğunu, İtaliyanın Azərbaycanın ən böyük ticarət tərəfdaşı, Azərbaycanın isə İtaliyanın ən böyük xam neft təchizatçısı və Cənubi Qafqazda ən böyük ixrac məntəqəsi olduğunu bildirib. İtaliya şirkətlərinin Azərbaycan iqtisadiyyatının istər neft, istərsə də qeyri-neft sektorunda uğurla fəaliyyət göstərdiyini, iqtisadi əməkdaşlığın daha da dərinləşməsi üçün geniş imkanların mövcudluğunu bildirib. Nazir Cənubi Qaz Dəhlizi və onun tərkib hissəsi olan TAP layihəsinin Avropa, o cümlədən İtaliyanın enerji təhlükəsizliyinə, eyni zamanda Azərbaycan-İtaliya tərəfdaşlığının daha da güclənməsinə töhfə verəcəyindən əminliyini ifadə edib, bu layihənin tikintisinin razılaşdırılmış qrafik üzrə başa çatdırılmasının əhəmiyyətini vurğulayıb.
Görüşdə Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlıq, bu əməkdaşlığa İtaliyanın töhfələri, regional təhlükəsizlik mövzuları ətrafında da fikir mübadiləsi aparılıb. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü barədə məlumat verən nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına uyğun olaraq, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həllinin vacibliyini vurğulayıb.