Tramp BMT kürsüsündən İranı hədəf seçdi
“Bu gün sülhsevər ölkələrin qarşılaşdığı təhlükəsizliyə ən böyük hədələrdən biri İranın repressiv rejimidir”.
Rakus.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Nyu-Yorkda BMT-nin Baş Assambleyasının sessiyasına toplaşmış dünya liderləri qarşısında çıxışında bildirib.
Tramp İranın davranışını dəyişmədiyi halda, ABŞ sanksiyalarının sərtləşdiriləcəyi ilə bağlı xəbərdarlıq edib.
ABŞ prezidenti İran liderlərini “Suriya və Yəməndə faciəli müharibələri qızışdırmaqda” günahlandırıb və İranı Səudiyyə Ərəbistanının neft obyektlərinə bu yaxınlarda keçirilmiş hücumda ittiham edib.
“Birləşmiş Ştatlar heç bir ölkə ilə münaqişə istəmir. Biz hamı ilə sülh, əməkdaşlıq və qarşılıqlı fayda olmasını arzulayırıq. Amma mən heç vaxt Amerikanın maraqlarını müdafiə etməyi dayandırmayacam”, – ABŞ prezidenti çıxışında bildirib.
Snetyabrın 14-də Səudiyyə Ərəbistanının neft obyektlərinə hücumdan sonra regionda gərginliklər daha da artıb. Birləşmiş Ştatlar, Səudiyyə Ərəbistanı və Qərbi Avropa ölkələri hücumda İranı günahlandırıb. İran bu ittihamları rədd edib.