Ərəb liderlər İsrailin ilhaq planına qarşı çıxdılar
Ərəb liderləri İsrailin seçkilərdən sonra Fələstin ərazilərinin ilhaqı planına ciddi reaksiya verib.
Rakus.az xəbər verir ki, İordaniya kralı Abdulla, Misir prezidenti Əbdel Fəttah Əl-Sissi və İraq prezidenti Bərham Saleh qərarı pisləyib.
İsrailin baş naziri Benyamin Netanyahu deyib ki, İsrailin 1967-ci ildə işğal etdiyi və fələstinlilərin gələcəkdə bir dövlət kimi görmək istədiyi İordan çayının qərb sahilinin bir hissəsi olan İordan Vadisini ilhaq edəcək.
Onun bu açıqlaması Yaxın Şərq xalqlarının, Avropa qüdrətlərinin və ərəb xarici işlər nazirlərinin də narahatlığına səbəb olub.
Bu yaxınlarda Türkiyə də məsələyə etirazını bildirib.
“İsrailin baş naziri Benyamin Netanyahunun seçkilərdən sonra İordan çayının qərb sahilindəki əraziləri ilhaq etmək niyyətində olduğunu bildirməsi İsrailin irqçi və aparteid rejiminə malik olduğunu göstərir” – deyə, Türkiyənin xarici işlər naziri bildirib.
Fələstinlilər İsrailin 1967-ci ildə Yaxın Şərqdəki torpaqlarının işğalına son qoymasına çalışır və İordan çayının qərb sahilində, Qəzzada və Şərqi Qüdsdə öz dövlətlərini qurmaq istəyir.