Millimizə viza verilmədi
Azərbaycanın mini futbol komandası Yunanıstanda keçirilən yarışa gedə bilməyib.
Rakus.az xəbər verir ki, Elşad Əhmədovun baş məşqçisi olduğu milli Beynəlxalq Sokka Federasiyasının ikinci dəfə təşkil etdiyi dünya çempionatına hazırlaşsa da, gedə bilməyib.
Millimiz 40 komandanın iştirakı ilə Yunanıstanın Krit adasında keçirilən turnirin püşkatması zamanı dördüncü səbətdə yer alıb. Həmin səbətdə millimizlə yanaşı, Uels, Türkiyə, İrlandiya, Qazaxıstan, Kipr və Macarıstan da olub.
Hətta avqustun 27-də keçirilmiş püşkatma zamanı Azərbaycanın A qrupunda mübarizə aparması dəqiqləşib. Bu qrupda millimiz meydan sahibi Yunanıstan, Misir, Latviya və Meksika ilə birgə mübarizə aparmalı imiş.
Lakin əldə etdiyimiz məlumata görə, komandamız bir ildir hazırlaşdığı turnirə Bakıdakı Yunanıstan Səfirliyinin viza verməməsi səbəbindən yollana bilməyib. Nəticədə, təşkilatçılar A qrupunda millimizin yerinə Çili komandasını daxil etməli olub.
Xatırladaq ki, bu yarış oktyabrın 12-dən start götürüb və 20-də başa çatacaq. İlk dünya çempionatı ötən ilin sentyabrında Portuqaliyanın paytaxtı Lissabonda keçirilib. Almaniyanın dünya çempionu olduğu həmin yarışda Azərbaycan millisi mübarizə aparmayıb. (Oxu.Az)