Mövlud Çavuşoğlu Azərbaycana gələcək
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu 25-26 oktyabr 2019-cu il tarixlərində Bakıda keçiriləcək Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşünə qatılacaq.
Rakus.az xəbər verir ki, Türkiyə Xarici İişlər Nazirliyindən verilən məlumata görə, Türkiyə 2006-cı ildən bəri qonaq ölkə olaraq Qoşulmama Hərəkatının yüksək səviyyəli iclaslarında iştirak edir.
Məlumatda bildirilib ki, Mövlud Çavuşoğlu Zirvə görüşünün Nazirlər Komitəsinin iclasında Fələstinlə bağlı toplantıda iştirak edəcək, bundan başqa, həmkarları ilə ikitərəfli görüşlər keçirəcək.
Qeyd edək ki, 1956-cı ildən təşkilat olaraq yaradılan, 1961-ci ildən hərəkata çevrilən Qoşulmama hərəkatı Qərb ittifaqı ilə Şərq blokundan əlavə üçüncü blok kimi meydana çıxıb. Qoşulmama Hərəkatına üzv olan ölkələr hərbi bloklara qoşulmur.
Azərbaycan 2011-ci ildən bu hərəkata qoşulub və 2019-2022-ci ilədək Qoşulmama Hərəkatına ev sahibliyi edəcək.