NP-nın sədri Trampı korrupsiyada ittiham etdi
“ABŞ Konqresinin Nümayəndələr Palatasında şahidlərin ifadələri ABŞ prezidentinə qarşı korrupsiya iddialarını təsdiqləyib”.
Rakus.az xəbər verir ki, bu barədə Palatanın sədri Nensi Pelosi bildirib.
Söhbət ABŞ-ın Ukraynadakı müvəqqəti işlər vəkili Uilyam Teylor və ABŞ dövlət katibinin Avropa və Avrasiya işləri üzrə müavini Corc Kentin dindirilməsindən gedir.
“Prezident tərəfindən təyin olunan insanlar çox açıq şeylər söylədilər, bu sarsıdıcı ifadələr korrupsiya faktlarını təsdiqlədi”, – N.Pelosi deyib.
Onun sözlərinə görə, Donald Tramp siyasi rəqibinə qarşı istintaq aparılmayacağı təqdirdə Ukraynanı hərbi yardımı dayandıracağı ilə hədələyərkən vəzifə səlahiyyətlərindən sui-istifadə edib və içdiyi andı pozub.
N.Pelosi D.Trampın əməllərində korrupsiya əməli kimi “quid pro quo” (xidmətə qarşı xidmət – red.) prinsipini qəbul edir.
“Biz burada latın dilində danışırıq… quid pro quo – bu, rüşvətxorluqdur (Azərbayacan qanunvericiliyinə görə isə bu, korrupsiyadır – red.). ABŞ Konstitusiyasında da impiçment proseduru ilə bağlı bu barədə maddə var. Bu, açıq-aşkar prezidentin 2020-ci il seçkilərində üstünlük əldə etmək üçün cəhdi olub. ABŞ Konstitusiyasına əsasən, rüşvətxorluq məmurların, o cümlədən prezidentin vəzifəsindən uzaqlaşdırılmasına əsas verir”, – Palata sədri vurğulayıb.
Qeyd edək ki, ABŞ-da siyasi qalmaqal D.Trampın bu il iyulun 25-də Ukrayna Prezidenti Vladimir Zelenskiylə telefon danışığı ilə əlaqədar yaranıb. KİV-də yayılan məlumatlara görə, söhbət əsnasında Ağ Evin rəhbəri rəsmi Kiyevi 2020-ci ilin noyabrında keçiriləcək prezident seçkilərində Trampın potensial rəqibi olan Cozef Bayden, həmçinin onun oğlu Hanter barəsində istintaq başlatmağa məcbur etməyə çalışıb.
D.Tramp təzyiq iddialarını rədd edib və bu zəngi dostcasına edilmiş zəng kimi qələmə verib. Üstəlik, o, telefon danışığının stenoqramının dərc edilməsinə icazə verib. ABŞ Nümayəndələr Palatasının sədri N.Pelosi sentyabrın 24-də D.Trampın impiçment prosedurunun hazırlandığını elan edib.