Qızıl Ordanın 750 illiyinə beynəlxalq konfrans keçirildi - FOTO
Qazaxıstanda Qızıl Ordanın 750 illiyinə həsr olunmuş beynəlxalq konfrans keçirilib.
Rakus.az xəbər verir ki, “Talas qurultayı: tarix və yaddaş” konfransı Beynəlxalq Türk Akademiyası (TWESCO) tərəfindən Taraz şəhərində təşkil edilib.
Tədbirdə Qazaxıstan Baş Nazirinin müavini Berdibek Saparbayev, Jambıl vilayətinin akimi Askar Mırzaxmedov, TWESCO-nun prezidenti Darxan Kıdırali, Qazaxıstanın Mədəniyyət və İdman nazirinin müavini Orken Bisakayev, Qırğızıstanın Mədəniyyət, İnformasiya və Turizm nazirinin müavini Nurjiqit Kadırbekov, habelə Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan, Rusiya və Monqolustandan tanınmış alimlər iştirak ediblər.
Berdibek Saparbayev konfransda çıxışında Qızıl Ordanın 750 illiyinin bayram edilməsinin əhəmiyyətini vurğulayaraq deyib: “Bu, Qazaxıstan üçün, dövlətçiliyimiz üçün çox əhəmiyyətli tarixi hadisədir”.
Baş Nazirin müavini bildirib ki, bayram tədbirləri çərçivəsində ölkənin regionlarında konfranslar keçirilib, habelə Tatarıstan və Türkiyədə tədbirlər keçirmək planlaşdırılır.
Berdibek Saparbayevin sözlərinə görə, ölkə tarixinin hələ çox səhifələri öyrənilməyib və bunu Qırğızıstan, Özbəkistan və Rusiya alimlərinin birgə səyləri ilə etmək lazım gələcək.