İnformasiya təhlükəsizliyi ilə bağlı konfrans keçiriləcək
Noyabrın 29-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyəti və İnformasiya Texnologiyaları İnstitutunun təşkilatçılığı ilə “İnformasiya təhlükəsizliyinin aktual multidissiplinar elmi-praktiki problemləri” V respublika konfransı keçiriləcək.
Rakus.az xəbər verir ki, institutdan bildirilib ki, süni intellekt, əşyaların interneti, kiber-fiziki sistemlər, böyük verilənlər, mobil texnologiyalar, bulud hesablamaları, sosial şəbəkələr kimi texnologiyaların inkişafı fərdi məlumatların təhlükəsizliyi baxımından ciddi problemlər yaradır. Fərdi məlumatlardan sui-istifadə edilməsinin mənfi nəticələri təkcə ayrı-ayrı insanların şəxsi həyatlarının toxunulmazlığı hüququnun pozulmasında deyil, ictimai həyatda, iqtisadiyyat və siyasətdə də özünü ciddi şəkildə göstərə, milli maraqlara təhdidə çevrilə bilər. Konfrans fərdi məlumatların təhlükəsizliyinin təmin edilməsi problemlərinə həsr olunur.
Konfransın məqsədi fərdi məlumatların təhlükəsizliyinin multidissiplinar problemləri, cəmiyyətdə informasiya təhlükəsizliyi mədəniyyətinin formalaşdırılması, fərdi məlumatların təhlükəsizliyinin etibarlı idarə edilməsi kimi məsələlərin araşdırılması və müzakirəsidir.