Portuqaliyada 140 min insan işlə təmin olunacaq
Portuqaliyanın dəniz iqtisadiyyatında 2020-ci ildə 140 min insan çalışacaq ki, bu da 2017-ci ilin göstəricisindən 42 min iş yeri çoxdur.
Rakus.az xəbər verir ki, Milli Statistika İnstitutunun (INE) proqnozlarına görə, məxaric və istehlak göstəriciləri çıxılmaqla, istehsalın həcminə müvafiq olan ümumi əlavə dəyərin (ÜƏD) 2020-ci ildə 4,8 milyard avro təşkil edəcəyi gözlənilir. 2018-ci ildə dəniz sektorundan malların ixracı 2 milyard 187 milyon avroya bərabər olacaq.
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının məlumatına görə, dəniz iqtisadiyyatı il ərzində dünyanın ümumi daxili məhsulunun təqribən 2,5 faiz ÜƏD-ni yaradır ki, bu da bütün dünya üzrə 1 faizdən 1,5 faizə qədər iş yeri deməkdir.
Portuqaliyanın ümumi daxili məhsulunda dəniz sektorunun payı təqribən 5 faizdir.
Hesablamalara əsasən, 2016-2020-ci illər dövründə bu sektora dövlət investisiyalarının həcmi 540 milyon avrodan çox olacaq. Özü də kommersiya limanları 370 milyon avrodan çox dövlət investisiyaları ilə əsas hərəkətverici qüvvə olmaq iddiasındadır.
Bu gün qeyd edilən Milli Dəniz Günü öz başlanğıcını 1994-cü ildə qüvvəyə minmiş BMT-nin Dəniz Hüququ haqqında Konvensiyasından götürür. Portuqaliya bu sənədi üç il sonra ratifikasiya edib.