DİN Tbilisidə mitinqə 5,5 min nəfərin qatıldığını açıqladı
“Tbilisidə parlament qarşısında keçirilən mitinqə 5,5 minə yaxın insan qatılıb”.
Rakus.az xəbər verir ki, bunu Gürcüstan Daxili İşlər Nazirliyi Patrul İdarəsinin rəisi Vaja Siradze mətbuat konfransında bildirib.
O qeyd edib ki, polis tərəfindən Rustaveli prospektində aksiyanın keçirilməsi təmin edilib.
V.Siradze əlavə edib ki, eyni vaxtda Respublika meydanında müxalif Vətənpərvərlər Alyansı Partiyasının mitinqində 1500 nəfər iştirak edib. Batumidə isə etiraz aksiyalarına həmrəylik nümayiş etdirən 50 nəfər küçələrə çıxıb.
Xatırladaq ki, ötən gündən etibarən bütün müxalif qüvvələr hökumət əleyhinə birləşərək erkən parlament seçkilərinin keçirilməsini, keçid hökumətinin yaradılmasını və Mərkəzi Seçki Komissiyasının hazırkı tərkibinin dəyişdirilməsini tələb edirlər.