Şərqi Azərbaycan və Zəncanda 70 etirazçı saxlanıldı
Şərqi Azərbaycan və Zəncan vilayətlərində rəsmi qurumların bildirdiyinə görə, noyabrın 16 və 17-də keçirilən etiraz aksiyalarına qatılan təqribən 70 vətəndaş nəzarət altına alınıb.
Rakus.az xəbər verir ki, Şərqi Azərbaycan vilayətinin valisi Məhəmmədrza Purməhəmmədi və Zəncan vilayətinin baş prokuroru Höccətül-İslam İsmayıl Sadıqi bu barədə mətbuata məlumat veriblər.
İranda benzin qiymətinin artması ardından müxtəlif vilayətlərdə baş qaldıran kütləvi aksiyalarda yüzlərlərlə vətəndaş nəzarət altına alınıb. Polis və hərbi qüvvələrin tətbiq etdiyi zorakılıqlar bəzi şəhərlərdə bir neçə etirazçının ölümü ilə nəticələnib.
“Tasnim” agentliyinin xəbərinə görə, vali Məhəmmədrza Purməhəmmədi Şərqi Azərbaycan vilayətində təqribən 40 nəfərin nəzarət altına alındığını bildirib.
Purməhəmmədi tutulanların bir çoxunun “yerli olmadığını” irəli sürüb.
“Təbrizdə yerli olmayan iğtişaşçılar tutulub. Tutulanlar arasında bu vilayətin sakini olanların sayı azdır”,- vali bildirib.
İran Azərbaycanında hakimiyyətyönlü yürüşlər təşkil edilir
Zəncan vilayətinin baş prokuroru Höccətül-İslam Sadıqi isə Zəncanda etirazlara qatılan 30 nəfərin saxlanıldığını bildirib. “Mehr” agentliyinin xəbərinə əsasən, baş prokuror tutulanları “düşmən agentləri” adlandırıb.
Etiraz aksiyalarının polis və hərbi qüvvələr vasitəsilə yatırılmasının ardınca, noyabrın 19-da Təbrizdə hakimiyyətyönlü yürüş təşkil edilib. Yürüşə qatılanlar qarşısında nitq söyləyən Təbriz imam-cüməsi Seyyid Məhəmmədəli Ali-Haşim etiraz aksiyalarını “fitnə” adlandırıb.
İranın dövlət agentliyi İRNA ali dini liderini sevən bir qrupun kəfən geyərək Təbrizdəki yürüşə qatıldığını bildirib.
Noyabrın 18-də Zəncanda təşkil olunan hakimiyyətyönlü yürüşə yerli rəsmilər, imam-cümə və hərbi komandirlər qatılıb.