Tələbə Mirzə Cəlilə məktub yazdı
Ustada məktub
Mirzə Cəlil, yəqin, eşitmiş olarsınız, 150 illik yubileyinizlə bağlı ölkə başçımız sərəncam imzalayıb. Bu sənədə əsasən sizin yubileyiniz ölkə miqyasında, rəsmi tədbirlərdə qeyd edilir. İl ərzində ölkədə sil-silə tədbirlər keçiriləcək. Mən də qərara gəldim ki, sizə bir məktub yazım…
İllər yerini dəyişsə də, cəmiyyətimizin bəzi çatışmayan cəhətləri indi də mövcuddur…
Gözləriniz aydın olsun, artıq Azərbaycan müstəqil və azad dövlətdir. Öz sərhəddi, bayrağı, gerbi və anamızın bizə layla dediyi şirin dildə himni var. Anasının dilində danışanlara sizin vaxtınızdakı kimi xor baxmırlar. Mətbuatımız, məktəblərimiz, hətta universitetlərimiz- hər şey Zöhrəbanu ananın dilindədir.
Sozsuz ki, ana dilində məktəblərimizin çox olması Novruzəlilərin sayını xeyli azaldıb.
Şükür Allaha ki, millətimiz adını öyrənib. İndi hər kimə sual versən ki, hansı millətə mənsubsan, heç tərəddüt etmədən cavab verəcək ki, Azərbaycan türküyəm.
Xəbər alsan ki, Vətənin haradır? Cavab verəcək ki, Azərbaycan diyarı. Soruşsan ki, bəs dilin nə dilidir?
Udqunmadan deyəcək- Azərbaycan türkcəsi. Ancaq əfsuslar olsun ki, sizin “Kamança” əsərində yazıq, məzlum görkəmi verdiyini ermənilər heç də düşündüyünüz kimi deyilmişlər. Gözlərinizlə görməsəniz inanmazsınız ki, Xocalıda sizin milləti soyqırıma düçar etdilər. Bu başı bəlalı xalqının başını indi də Qarabağ dərdi ağardır. Siz “Kamança” da insanlıq edib o ermənini bir musiqiyə bağışladınız. Amma o erməni Zori Balayan körpə azərbaycanlının divara mıxlanmasından zövq aldığını bəyan edir.
Sizə Novruzəli haqqında bir xatirə yazmaq istəyərəm. Məktəbli vaxtlarımda “Poçt qutusu” hekayənizi oxumuşdum. O hekayəni oxuya-oxuya məndə qəribə hiss yaranırdı. “Yəni, həqiqətən, həyatda belə ürəyiaçıq və ağasına sadiq insanlar var?” Bu sualı yenicə özümə vermişdim və Novruzəlini özüm üçün ideallaşdırmaq həddinə çatmışdım ki, birdən Novruzəlinin eyibi açıldı. Sən demə, bu məzlum kəndli poçt qutusundan
istifadə edə bilmirmiş. Novruzəlinin hərəkətləri məndə təbəssüm yaratdı. Səhər müəllimə sual verdim ki, müəllim, real həyatda da Novruzəli varmı, yoxsa bu yazıçı təxəyyülünün məhsuludur? Mən
müəllimdən belə reaksiya gözləmirdim. Təbəssüm dolu yanaqlar bir anlıq yaz buludları kimi qaraldı. Bir dəqiqəlik sükutdan sonra o, dilləndi – “Bilirsiz, uşaqlar real həyatda Novurzəli kimi insanlar çoxdu. Sizin elə insanları tanımağınız üçün bir az da püxtələşməyiniz lazımdır”. Müəllim bunu yenicə demişdi ki, dostu Əlini işarə edib: “Müəllim deyirsiz ki, Əli də Novruzəli kimi
olacaq, axı o da doqquzda oxumasına baxmayaraq hərfləri tanımır”. Hamı bu şirin zarafata, acı həqiqətə güldü. Müəllim gülümsünüb bir az da alçaq tonla dilləndi: “Bilirsiz, uşaqlar, Əli kimi insanlara gülmək yox, onlara dəstək olmaq lazımdır ki, müasir dövrdə Novruzəli kimiləri olmasın.”
Bu gün məktubu poçt qutusuna sala bilməyənlər yox, müasir texnikadan baş çıxara bilməyənlər Novruzəli hesab olunurlar. Mirzə, oxuyub məni qınayacaqsınız ki, giley-güzar etməkdənsə, dediyin qüsurları aradan qaldırmaq üçün sən bir yazı yaz. Ancaq, vallah, bu dünyaya Mirzə Cəlil bir də gəlməz. Nə mən, nə də başqası siz yazdığınız kimi yaza, tənqiddən böyük ustalıqla istifadə edə bilməz. Çünki siz əsl demokrat, kiçik hekayənin böyük ustadısan. Siz bu millətin keçmişi, bu günü, sabahısınız.
Bəlkə də, o tərəfdə də maarifləndirməklə məşğulsunuz.
Ola bilsin, yenə yazıb-pozursunuz. Xahiş edirəm, bu dəfə əlyazmalarınızı yandırma və mənə cavab yazmağı da unutma. Məktubun “Sizi deyib gəlmişəm” lə başlasın, “Molla Nəsirəddin” imzası ilə bitsin.
Ey hörmətli böyük ustad!
Hörmətlə,
Qasım Xuluflu
BDU-nun jurnalistika fakültəsinin tələbəsi