Gürcüstan məhkəməsi 10 müxalifətçiyə cəza verdi
Gürcüstan məhkəməsi 10 müxalifətçini 4 gündən 13 günədək inzibati həbsə məhkum edib.
Rakus.az xəbər verir ki, onlar bu həftənin əvvəlində hökumətə qarşı etiraz aksiyası zamanı hüquq-mühafizə əməkdaşlarına müqavimətdə ittiham olunurlar.
Noyabrın 21-də axşamadək Tbilisi Şəhər Məhkəməsi daha 25 etirazçı ilə bağlı qərar verməlidir.
Noyabrın 18-də parlament binası qarşısına minlərlə nümayişçi yığışıb, növbədənkənar seçki tələb edib. Buna deputatların proporsional seçkiyə keçidi rədd etməsi səbəb olub. Noyabrın 21-də bir qrup fəal simvolik olaraq məhkəmələrin giriş qapılarını qıfıllamağa çalışıblar.
Müxalifət partiyalarının fikrincə, Gürcüstanın seçki sistemi hakim Gürcü Arzusu partiyasının xeyrinədir.
Mövcud qarışıq sistemin gələn ildən proporsional sistemlə əvəzlənməsi tələb olunurdu və bu tələb iyun-iyulda Tbilisidə etirazlarda da səsləndirilirdi.
Gürcü Arzusu partiyası milyarder qurucusu və lideri Bidzina Ivanişvili ilə birlikdə bu islahatı dəstəkləyirdi. Ancaq parlament noyabrın 14-də konstitusiyaya dəyişikliyi qəbul etmədi.
Birləşmiş Ştatlar və Avropa Birliyi Gürcüstan hökumətini, siyasi partiyaları və vətəndaş cəmiyyətini “dinc və sayqılı dialoq” aparmağa çağırıb.