Roma Papası Yaponiyada səfərdədir
“Atom enerjisindən hərbi məqsədlər üçün istifadə cinayət kimi qiymətləndirilməlidir və bu, etikanın pozulması deməkdir”.
Rakus.az xəbər verir ki, bu sözləri Roma Papası Fransisk noyabrın 24-də Hiroşimada atom bombardmanı qurbanlarının xatirəsinə həsr olunmuş mitinqdə çıxışı zamanı deyib.
Yaponiyada səfərdə olan Roma Papası noyabrın 24-də axşam saatlarında Hiroşima şəhərinə gəlib. Buradakı Sülh Xatirə parkında keçirilən mitinqdə çıxış edən pontifik deyib: “Mən bu şəhəri ziyarət etməyi özümə borc bildim. Atom enerjisindən hərbi məqsədlər üçün istifadə cinayət kimi qiymətləndirilməlidir və etikanın pozulmasıdır. Müharibə üçün ən müasir silahların yaradıldığı bir dövrdə sülhdən necə danışmaq olar? Atom müharibəsi yolu ilə başqalarını hədələyərək sülhdən danışmaq mümkün deyil. Hazırkı dünyada sülh yalnız silahlar olmadığı təqdirdə mövcud ola bilər”.
Noyabrın 23-də Yaponiyaya rəsmi səfərə gələn Roma Papası ertəsi gün səhər Naqasakidə çıxış edərək bütün dünyanı nüvə silahından imtina etməyə çağırıb. Naqasakidən sonra o, 1945-ci il avqustun 6-da ilk atom bombasının atıldığı Hiroşima şəhərinə yola düşüb.
Noyabrın 25-də Tokioya gələcək pontifikin İmperator Naruhito, Baş Nazir Şinzo Abe və 2011-ci ildə baş vermiş sunamidən və “Fukusima-1” AES-də atom qəzasından zərərçəkənlərlə görüşü nəzərdə tutulur. Bundan əlavə onun Tokio qülləsi yaxınlığında toplaşan insanlarla birlikdə dini ayini icra edəcəyi bildirilir.
Xatırladaq ki, bu, Roma Papasının Yaponiyaya son 38 ildə ilk səfəridir.