Makronun planları ümummilli tətillərə səbəb oldu - FOTO
Prezident Emmanuel Makronun pensiya sistemini dəyişdirmək planları ölkədə ümummilli tətillərə səbəb olub.
Rakus.az xəbər verir ki, etiraz aksiyası zamanı yerli polis tərəfindən 90 nümayişçi saxlanılıb. Müxtəlif həmkarlar ittifaqları üzvləri, müəllimlər, eləcə də yük maşını sürücüləri küçələrə axın ediblər.
Polis etirazların baş qaldırdığı küçələrdə yerləşən dükan, kafe və restoranların bir günlük bağlanmasına göstərişi verib. Eyni zamanda Prezident Sarayının ətrafı hüquq-mühafizə orqanları tərəfindən mühasirəyə alınıb.
Otellər tərəfindən turistlərin Parisə səyahət planının təxirə saldığı bildirilir. Metro sisteminin böyük hissəsi bağlanıb. Dəmir yol nəqliyyatının (sürət qatarları, adi qatarlar, TER, RER, şəhərlərarası qatarlar, metro) 90 faizi tətil edərək işləməyib. Dəmir yolları üzrə həmkarlar təşkilatı (UNSA) nəqliyyat sahəsində bəzi sürücülərin tətili dekabrın 31-dək davam etdirəcəyi ilə bağlı xəbərdarlıq edib.Paris hava limanlarında təyyarələrin 20 faizi uçuşunu dayandırıb.
Fransa Daxili İşlər Nazirliyinin hesablamasına görə, etiraz nümayişlərində 806 min insan iştirak edib. Paris polis prefekturası paytaxtda 65 min nümayişçi olması ilə bağlı məlumat verib. Fransa Ümumi Əmək Konfederasiyası Həmkarlar İttifaqı bugünkü nümayişdə 1 milyon 500 min nümayişçinin hesablandığını iddia edib. Konfederasiya əvvəlki dövrlərlə müqayisə apararaq, 5 dekabr nümayişinin 2003-cü ildən sonra ilk böyük nümayiş olduğunu elan edib.
Paytaxtda nümayişçilərlə polis arasında qarşıdurma olub. Polis gözyaşardıcı qazdan və rezin güllələrdən istifadə edib.
Xatırladaq ki, Parisdə etirazlar Fransa Prezidenti Emmanuel Makronun pensiya sistemində həyata keçirmək istədiyi islahatların detallarını açıqladıqdan sonra baş verib. O, ölkə iqtisadiyyatının daha rəqabətli olması üçün pensiya islahatlarının vacibliyini söyləyib.