Tbilisidə Avronest PA-nın VIII sessiyası keçiriləcək
Bu gün Gürcüstanın paytaxtı Tbilisidə Avronest Parlament Assambleyasının (PA) VIII sessiyası keçiriləcək.
Rakus.az xəbər verir ki, saat 14:00-da başlayacaq sessiyanın gündəliyində Avropa Parlamenti və “Şərq Tərəfdaşlığı” proqramına üzv dövlətlərin nümayəndələri enerji təhlükəsizliyi, “Şərq Tərəfdaşlığı”nın gələcək görüşləri və bölgədəki aktual məsələlər ətrafında müzakirələr aparacaq və müvafiq qətnamələr qəbul edəcəklər.
Sessiyanın açılışında Gürcüstan Prezidenti Salome Zurabişvili, parlamentin sədri Arçil Talakvadze, Avropa Parlamentinin vitse-prezidenti Klara Dobrev, Avronest PA-nın həmsədrləri Andrius Kubilius və İvan Krulko, Avropa Komissiyasının Qonşuluq və Genişlənmə Danışıqları üzrə Baş Direktorluğunun bölmə rəhbəri Vasilis Maraqos iştirak edəcək. Assambleyanın iclasında Azərbaycanı millət vəkilləri Rasim Musabəyov və Tahir Mirkişili təmsil edəcək.
Sessiya çərçivəsində keçiriləcək qurumun müvafiq komitələrində “Avropa İttifaqı və Şərq Tərəfdaşlığı ölkələrində təhsil sahəsində islahatlar: çağırışlar və imkanlar”, “Şərq Tərəfdaşlığı ölkələrində demokratiya, dövlət qurumlarının hesabatlılığı və səmərəliliyinin möhkəmləndirilməsində parlament nəzarəti bir vasitə kimi”, “Enerji sektorunda həmrəylik və yaxınlaşma – mütərəqqi normativ tənzimləmə bazasına doğru”, “Avropa İttifaqı və Şərq Tərəfdaşlığı ölkələrində iqtisadi artımı stimullaşdırmaq və səmərəliliyi artırmaq üçün rəqəmsallaşdırmanın asanlaşdırılması” mövzularında müzakirələr aparılacaq.
Sessiya dekabrın 10-da başa çatacaq.