YAP-da tədbir keçirildi
Bu gün Yeni Azərbaycan Partiyasının İcra Katibliyində Heydər Əliyevin vəfatının 16-cı ildönümü ilə əlaqədar tədbir keçirilib.
Rakus.az xəbər verir ki, tədbirdə Yeni Azərbaycan Partiyasının İcra Katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Milli Məclisin deputatları, partiya üzvləri iştirak edib.
Əvvəlcə Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Siyavuş Novruzov bildirib ki, bu gün ulu öndər Heydər Əliyevin anım günüdür: “Biz tarixə baxsaq, görərik ki, son 100 ilin 50 ili ulu öndər Heydər Əliyevin adı ilə bağlı olan bir dövrdür. Ümummilli lider hakimiyyətdə olanda həmişə xalqı, dövləti və azərbaycanlı olmağı ilə fəxr edib. Harada olmasından asılı olmayaraq, azərbaycanlı olmaq onun üçün çox əhəmiyyətli idi və gələcək nəsillərə də bu istiqamətdə həmişə öz tövsiyələrini, tapşırıqlarını verirdi. Bu tədbirdə də əsasən gənclər iştirak edirlər. Bu yaxınlarda cənab Prezident İlham Əliyevin Şamaxı rayonuna səfəri oldu. Cənab Prezident orada gənclərlə görüşü zamanı onlara Azərbaycan tarixinin mükəmməl öyrənilməsinin, ölkəmizin hansı çətinliklərdən keçərək indiki vəziyyətə gəldiyini öyrənməyin vacib olduğunu bildirdi. Çünki tarixi öyrənmədən ondan dərs çıxarmaq çətin olur”.
YAP icra katibinin müavini, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı isə deyib ki, Azərbaycan xalqı Heydər Əliyevi hər gün anır: “Bu gün ölkədə görülən işlər və aparılan islahatlar Heydər Əliyev siyasətinin davamıdır. Azərbaycan tarixində tarixi şəxsiyyət kimi rolu əvəzsizdir”.
M. Qurbanlı bildirib ki, Heydər Əliyev hakimiyyətə ikinci dəfə qayıtdıqdan sonra Azərbaycan az zaman içərisində bir çox sahədə ciddi nailiyyətlərə imza atıb: “Tarixi tarixdən ibrət almaq üçün oxumalıyıq. Ulu öndərin ibrətamiz addımlarını öyrənmək lazımdır”.
Daha sonra tədbir çıxışlarla davam edib.