Küveyt İranın təcrid olunmasını istəmir
“İran müsəlman ölkəsi olmaqla yanaşı, Küveyt dövlətinin yaxın qonşusudur. Buna görə də Küveyt İranın təcrid olunmasını istəmir”.
Rakus.az xəbər verir ki, bu sözləri Küveytin BMT yanındakı daimi nümayəndəsi Mənsur Ayəd Əl-Ətabi deyib.
“Əl-Cəzirə” telekanalına müsahibəsində diplomat bildirib ki, sanksiyalar regiona sülh və əmin-amanlıq gətirməyəcək. Küveyt ümid edir ki, region dövlətləri ziddiyyətli münasibətlərini qaydaya salmaq üçün səylərini əsirgəməyəcəklər.
Küveyt regionda ABŞ-ın ən yaxın müttəfiqidir. ABŞ Küveytin təhlükəsizliyini təmin etmək üçün bu ölkədə baza yaradıb. Yerli mətbuat isə yazır ki, ABŞ-ın Küveytdə hərbi baza saxlaması ölkənin təhlükəsizliyi üçün deyil, öz siyasi maraqlarını qorumaq üçündür. Buna baxmayaraq, hər iki dövlət yaxın müttəfiqlik əlaqələrinə malikdir. Küveytin ABŞ-ın İrana qarşı sanksiyalar siyasətində iştirak etmək niyyətində olmaması da öz təhlükəsizliyi ilə əlaqədardır. Hər halda, Küveyt mövqeyini aşkar şəkildə bəyan edir və bunun nə ilə nəticələnəcəyini zaman göstərəcək.
Xatırladaq ki, ABŞ-ın İrana qarşı sanksiyalar siyasətinə dəstək vermək niyyətində olmayan dövlətlərin sayı artmaqdadır. Bundan əvvəl Qətər də oxşar bəyanatla çıxış edib. Yaponiya ABŞ-ın müttəfiqidir və sanksiyalara baxmayaraq, İranın neft sahəsinə 120 milyon dollar sərmayə yatıracağını bildirib.
Qətərdə səfərdə olan Malayziyanın Baş Naziri Mahathir Məhəmməd bu gün səhər bəyan edib ki, ABŞ-ın İrana qarşı sanksiyaları beynəlxalq qanunlara və BMT-nin nizamnaməsinə ziddir.