İrihəcmli verilənlər sahəsində fəaliyyət genişləndiriləcək – Elmir Vəlizadə
“Müasir zamanda “Big Data” adlandırılan “irihəcmli verilənlər”, “süni intellekt”, “əşyaların İnterneti”, 5G texnologiyaları kimi İKT sahəsinin yaxın gələcəkdə sahənin inkişafı üçün mühüm əhəmiyyət kəsb edir”.
Rakus.az xəbər verir ki, bunu Bakıda keçirilən “Dövlət idarəçiliyində böyük həcmli məlumatlar” mövzusunda seminarda nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə deyib.
“Bununla əlaqədar olaraq Nazirlik bu mövzularda ardıcıl olaraq tədbirlər keçirir, müzakirələr aparır, mütəxəssislərin diqqətini bu məsələlərə cəlb edir və ictimaiyyəti maarifləndirir. Bu gün də biz bu məqsədlə sizinlə birlikdəyik.
İrihəcmli məlumatlar bu gün dünyada ən çox diqqət ayrılan sahələrdən biridir. Ekspertlər rəqəmli əsrdə irihəcmli məlumatları ən qiymətli resurs hesab edirlər. Neftə sənaye dövrünün, məlumatlara isə rəqəmli əsrin məhsulu kimi baxırlar. İrihəcmli məlumatlar “yeni neft” olaraq qiymətləndirilir. Hətta bir çoxları məlumatların tükənməməsi və durmadan artması, təkrar istifadə imkanı və s. xüsusiyyətləri ilə neftdən üstün olduğunu bildirirlər.
Diqqətə layiqdir ki, 2019-cu ildə İnternetdə 1 dəqiqədə “Tvitter”də 277 min tvit göndərilir, “Google” 2 milyon axtarış sorğusu yerinə yetirir, “Facebook” 350 GB verilən emal edir, “Youtube”a 72 saatlıq video fayllar yüklənir, 100 milyon e-məktub göndərilir, 571 yeni sayt işə salınır”, – o qeyd edib.
Nazir müavini əlavə edib ki, irihəcmli məlumatlar, rəqabət qabiliyyətinin artırılması, yeni iş yerlərinin açılması, innovasiya, sosial inkişaf üçün əsas iqtisadi amillərdəndir: “Avropada məlumat (DATA) iqtisadiyyatının həcminin 2020-ci ildə 739 milyard avro olacağı gözlənilir. Bu isə ÜDM-in təqribən 4%-i deməkdir. Məhz bu səbəblər hökumətlərin irihəcmli məlumatlara diqqətini artırır. Artıq bir çox ölkələr irihəcmli məlumatların imkanlarından istifadəsi üçün strategiya və planlar qəbul edirlər. Birləşmiş Millətlər Təşkilatı, Beynəlxalq Telekommunikasiya İttifaqı, Dünya İqtisadi Forumu bu istiqamətdə təşəbbüslərlə çıxış edirlər. Ümumilikdə götürüldükdə irihəcmli verilənlər 3 cəhətinə görə digər məlumatlardan fərqlənirlər. Birincisi, həcmin böyük olması, ikinci cəhəti, yüksək sürətlə dəyişməsi, üçüncüsü isə formaca müxtəlif olmasıdır”.
E.Vəlizadə hesab edir ki, dövlət qurumlarında, özəl sektorda böyük həcmdə məlumatlar var və bu məlumatın həcmi sürətlə artır: “Bu o deməkdir ki, dünya irihəcmli məlumatlarla zəngindir və onların emalı, faydalı istifadəsi vacibdir. Bu istiqamətdə fəaliyyətdə hökumətlərin üzərinə böyük iş düşür. İlk növbədə hökumət iri məlumatların saxlayıcısıdır. Bu məlumatlar rəqəmli texnologiyalarla birlikdə hökumətin fəaliyyətinin səmərəliliyinin artırılması, xərclərin azaldılması, yeni dövlət-vətəndaş münasibətlərinin formalaşdırılması, iqtisadiyyatın stimullaşdırılması üçün yeni imkanlar yaradır. Qiymətləndirmələrə görə Avropa Birliyində irihəcmli məlumatların istifadəsi inzibati xərcləri 15-20% azalda bilər. Bu isə 223-446 milyard dollar deməkdir”.
Nazir müavini bildirib ki, Azərbaycanda da bu istiqamətlərdə müəyyən işlər aparılır: “Rəqəmli inkişaf ölkəmizin müasir dövrünün başlıca məsələlərindəndir. Odur ki, yaxın zamanlarda irihəcmli verilənlər sahəsində fəaliyyət genişləndirləcək. Ölkəmizdə rəqəmli texnologiyaların geniş tətbiqi, infrastrukturun təkmilləşdirilməsi, o cümlədən Data Mərkəzlərin yaradılması, məlumatların emalı sahəsində süni intellekt texnologiyalarının istifadəsi və kadr hazırlığı sahəsində addımlar atılır və atılacaq.
Qeyd edim ki, 2015-ci ildən ölkəmizdə açıq məlumatlar portalı fəaliyyət göstərir (https://www.opendata.az). Bu mənbədə 11 kateqoriya üzrə 9 dövlət qurumunun 650-dan çox açıq məlumat yerləşdirilib və əsasında artıq bir çox tətbiqlər hazırlanıb. Güman edirik ki, sayları çoxalmaqda olan startaplarımız bu sahəyə daha da geniş diqqət verəcəklər.
Nazirliyin tabeliyində fəaliyyət göstərən TIER III səviyyəli Data-mərkəz də öz imkanları və xidmətləri ilə ölkədə irihəcmli verilənlərin toplanılmasına və emalına öz tövhəsini verə bilər. Nəzərə almaq lazımdır ki, irihəcmli verilənlərin emalı yüksəkdəyərli qabaqcıl texnologiyaların tətbiqini, həmçinin yüksək ixtisaslı kadrlar tələb edir. Bu imkanlardan istifadənin təşkili üçün isə xidmət provayderləri yarana bilər və data xidmətləri göstərə bilər. Bu sahənin yaxın zamanda inkişafı gözləniləndir.
Dövlət idarəçiliyində “Hökumət buludu”nun təşkili də həm Data-Mərkəzin imkanlarından səmərəli istifadəyə, həmçinin qərarların qəbul edilməsi üçün dövlət informasiya sistemlərindəki məlumatlardan faydalı istifadəyə təsir edəcək.
Əlbəttə ki, bu proseslərin aparılması üçün müvafiq hüquqi bazanın təkmilləşdirilməsi də zəruridir. Burada əsas diqqət məlumatların konfidensiallığının qorunması, fərdi məlumatların mühafizəsi, məlumatların emalı zamanı etik normaların gözlənilməsi və digər hüquqi məsələlərə yönəlməlidir”.