Müsəlman ölkələri sığorta yaratmaq məqsədilə əməkdaşlıq edə bilər – Ruhani
Malayziyanın paytaxtı Kuala Lumpurda keçirilən sammitdə çıxış edən İran İslam Respublikasının Prezidenti Həsən Ruhani müsəlman ölkələrini əhatə edəcək nəqliyyat sığortası yaratmağa çağırıb.
Rakus.az xəbər verir ki, Ruhani Qərbdəki sığorta şirkətlərinin ABŞ sanksiyaları səbəbilə İranın ixraclarını sığortalamaqda çətinlik çəkdiyini qeyd edib.
O, müsəlman ölkələrinin sığorta daxil olmaqla bir çox sahələrdə bir-biriləri əməkdaşlıq etmək zamanının gəldiyini bildirib: “Biz başa düşürük ki, bu gün bir çox iqtisadi əməliyyatlarımız və fəaliyyətlərimiz xarici ölkələrin sığortasından, böyük ölkələrdən gələn sığortadan asılıdır. Buna görə biz, müsəlman ölkələri olaraq müsəlman dövlətləri üçün, ələlxüsus nəqliyyat və tranzit sahələrində sığorta yaratmaq məqsədilə əməkdaşlıq edə bilsək, bu, bizi əcnəbilərdən asılılıqdan xilas edəcək. Gəmilər illik müharibə riski sığortası daxil olmaqla, müxtəlif sahələrdə sığortalanmalıdırlar”.
Ruhani eyni zamanda müsəlman ölkələrinə tranzaksiyaları öz valyutalarında həyata keçirmələrini təklif edib. Prezident Ərdoğan bu təklifi dəstəkləyib. Türkiyə Prezidenti sammitdə milli valyutalarla ticarət məsələsinə toxunaraq, xarici valyuta mübadiləsi təzyiqindən qurtulmağın mühüm olduğunu deyib.