Xorvatiyada prezident seçkiləri keçirilir
Bu gün Xorvatiyada 11 namizəd arasında president seçkiləri keçirilir.
Rakus.az xəbər verir ki, namizədlər hazırkı prezident Kolinda Grabar-Kitaroviç, müxalif Sosial Demokrat Partiyasından Zoran Milanoviç, müğənni və musiqiçi Miroslav Şkoro, müstəqil namizədlər Dario Juriçan, Dalya Oreşkoviç, Mislav Kolakuşiç, İvan Pernar, “İşçi cəbhəsi” siyasi birliyindən Katarina Peoviç, Xorvat Partiyasından Nedelko Babiç, iqtisadçı Dejan Kovac və Demokrat Partiyasından Anto Capiçdir.
Sonuncu rəy sorğularının nəticələrinə görə, seçkidə əsas favoritlər K.Qrabar-Kitaroviç, Z.Milanoviç və M.Şkorodur.
Xorvatiya Dövlət Seçki Komissiyasının məlumatına görə, seçkilərdə səsvermək hüququna malik, təxminən 3,8 milyon vətəndaş iştirak edəcək. Onlardan təqribən 177 min nəfərinin xaricdə yaşadığı bildirilir.
Xatırladaq ki, Xorvatiyada prezident 5 il müddətinə iki dəfə seçilə bilər. Birinci turda namizədlər 50% -dən çox səs yığa bilmədikdə, 14 gündən sonra ikinci tur keçirilir. Bu turda ən çox səs toplayan iki namizəd iştirak edir.