Faciələrin faciəvi yozumu – Mahir Cavadlı yazır
Həyatdır! Bütün xoş çalarları, təəssüf ki, həm də ağrı-acıları ilə ömrümüzə hakim kəsilir. Ağrı-acımızı əldə bayraq edib, iftira toxumu səpmək istəyənlər də az deyil. Belələrinin ən səlis cavabı həqiqətdir. Həqiqətdən üz döndərdikcə is şərə meydan veririk, dərdlərimizin üstünə yeni dərdlər gətirmələrinə şərait yaradırıq.
Yola saldığımız ildə baş verən dəhşətli yanğınlar barədə rəsmi məlumatlar gündəmi qısa müddətdə zəbt edir ki, bu da təbiidir. Bütün elektron kütləvi informasiya vasitələri, qəzet və jurnallar, xəbər saytları sanki faciələrin baş vermə səbəblərini rəsmi məlumatlar vasitəsilə yayımlamaq yarışına qoşulurlar. Əlbəttə bu, onların öz işidir. Məncə, elə bizim jurnalistikamız yalnız bu cür “işinin” peşinə düşdüyü ucbatından həqiqəti aşkarlaya bilmir.
,,l.ıəəə…. Mətbuatda faciələr barədə yayımlananlar sadəcə dağın görünən tərəfidir, qələmə almaq, camaata şok yaşatmaq üçün jurnalist olmağa, qəzet və ya jurnal açmağa, agentlik kimi fəaliyyət göstərməyə ehtiyac da yoxdur. Faciənin səbəbini araşdırmaq üçün isə ilk növbədə çoxlu sayda suallara cavab tapmaq lazımdır.
…Ölkədə faciə baş verir. Dövlət başçısı bütün vacib işlərinə rəğmən ya hadisə yerinə gedərək, ya da bu və digər şəxslərdən vəziyyətlə tanış olur və təxirəsalınmaz tədbirlərin görülməsi üçün müvafiq göstərişlərini verir.
Rəsmilər isə qeyri-ənənəvi faciələrə həmişəki ənənəvi münasibət göstərməklə həm özləri, həm rəhbrlik etdikləri cox ciddi dövlət qurumlarının fəaliyyəti, həm də vətəndaşa yanaşma tərzləri barədə müfəssəl, təəssüf ki, xoş olmayan rəy doğururlar. İlkin versiya kimi yanğınların elektrik naqillərində qısa qapanmadan baş verdiyi ehtimal olunur. Bu ehtimalı dövlət başçısına məruzə etmək, bütün xalqa, ən pisi isə dünyaya bəyan etmək böyük məsuliyyətsizlikə yanaşı, həm də yüksək tərəqqidə olan, hərtərəfli inkişafına, xüsusən elektrikləşməsinə milyardlarla vəsait xərclənən Azərbaycanı beynəlxalq aləmdə biabır etmək cəhdidir.
Axı, elektrik qapanması nə bəladır ki, ölkəmizdə bu sahədə dünyanın heç bir yerində görünməyən texnologiyalar tətbiq olunduğu bir vaxtda bir bəla olub, çöküb boğazımıza?!… Niyə bu qısa qapanmalar belə uzunmüddətli dərdimizə çevrilb?… Niyə bu qapanmalar həmin faciələrin baş verdiyi müəssisələrə cavabdeh nazirlərin, direktorların, təsərrüfat müdirlərinin villalarında, saraylarında, saysız-hesabsız obyektlərində demirəm, heç adi gözətçilərinin də evlərində, baş vermir (Allah eləməsin!)?!… Niyə bu qədər nəzarət mexanizminin adi ölkə vətəndaşına müraciət əvəzi xəbərdarlıqlarından tutmuş iş üsul və metodlarınadək ən sərt şərtlər, çox vaxt qeyri-qanuni tələblər üzərində qurulduğu halda faciələrimizə yol açan nöqsanların qarşısı vaxtında alınmır? Yəni bir müəssisənin elektrik, qaz, su təchizatı nə qədər bərbad vəziyyətdə, bu sahədə təhlükəsizliyə cavabdeh orqanlar və şəxslər, nəzarət edən qurumlar nə qədər qeyri-peşəkar, məsuliyyətsiz olmalıdır ki, faciələr bu qədər genişlənsin, bu qədər maddi ziyanlar vursun, canlar alsın?… Əksərən səhər saatlarında baş vermiş hadisələrin ilkin versiyası kimi məhz qısa qapanma olması barədə məlumat da topun başqasına ötürülməsindən başqa bir şey deyil.
Yetər faciələr! Yaşamaq üçün yaşananlara daha dərindən nəzər salmaq, ciddi araşdırmalar aparmaq, nəticə çıxarmaq və həqiqətin ölkə ictimaiyyətinə çatdırılması yolunda mübariz olmaq lazımdır. Bu yönümdə 4-cü hakimiyyətin müstəsna rolu ola bilər. Müstəqil dövlətimizin, şəxsən ölkə başçısının sonsuz diqqət və qayğı bəslədiyi, sosial problemlərinə önəm verdiyi jurnalistlərimiz bu münasibətin əvəzini ödəməyi bacarmalıdır. Bu, bir mənəvi borcdur!
Mahir Cavadlı