Yaralı polisin həyatını xilas etmək mümkün oldu
Dekabrın 26-da saat 19:00 radələrində, Tərtər rayonunun Buruc kəndində 1973-cü il təvəllüdlü Seyhun Nəcəfov yaşadığı evdə sərxoş vəziyyətdə qardaşı Arif Nəcəfovla mübahisə edib. Məlumat əsasında hadisə yerinə Tərtər Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin sahə rəisi, polis mayoru Elçin Aslanov gəlib. S.Nəcəfov polis əməkdaşına 5 bıçaq zərbəsi vurub.
Rakus.az xəbər verir ki, Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Tərtər Mərkəzi Rayon Xəstəxanasına (MRX) gətirilən polis əməkdaşına ilkin tibbi yardım göstərildikdən sonra Bərdə MRX-na göndərilib.
Xəstəxanadan verilən məlumata görə qarın boşluğuna nüfuz edən bıçaq yaraları diaqnozu ilə xəstəxanaya çatdırılan yaralı, dərhal əməliyyat olunub. Həkimlərin səyi nəticəsində yaralının həyatını xilas etmək mümkün olub. Hazırda reanimasiya şöbəsində müalicə alan yaralının vəziyyəti ağır stabil kimi qiymətləndirilir.