İran Parlamenti Pentaqonu terror təşkilatı kimi tanıdı
İran ABŞ-ın bütün komandanlarını və Pentaqonun bütün səlahiyyətli şəxslərini terrorçu elan edib.
Rakus.az xəbər verir ki, bu barədə İran parlamenti qərar qəbul edib.
İran televiziyasının məlumatına görə, iclasda iştirak edən 230 nəfərdən 228 millət vəkili qanunvericilik təşəbbüsünün lehinə səs verib. Daha iki deputat bitərəf qalıb, heç kim qarşı çıxmayıb.
Qərara əsasən, “bütün Pentaqon personalı, əlaqəli idarə və təşkilatlar, həmçinin general Kassem Süleymaninin qətlinin təşkilatçıları və icraçıları” İranda terrorçu elan edildi. Üstəlik, Pentaqona hər hansı bir yardımın göstərilməsi İranda bundan sonra da terror aktı kimi qiymətləndiriləcəkdir.
Xatırladaq ki, yanvarın 3-də Bağdad Hava limanının raket zərbələrinə məruz qalması nəticəsində İran İnqilab Keşikçiləri Korpusunun Qüds Xüsusi Qüvvələrinin rəhbəri general Qasım Süleymani və İranın himayədarlıq etdiyi Xalq Səfərbərlik Qüvvələrinin (XSQ) komandan müavini Əbu Mehdi əl-Mühəndisi öldürülüb.