Bunları bilirsinizmi?
Ən geniş yayılan revmatik xəstəliklərdən biri də ankilozan spondilitdir.
Rakus.az xəbər verir ki, Azərbaycanda, eləcə də keçmiş sovetlər məkanında daha çox Bexterev xəstəliyi kimi tanınan revmatik xəstəliklərdən biri olan ankilozan spondilitə dünyada təxminən hər 200 nəfərdən birində rast gəlinir.
Ən çox onurğa fəqərələri, onurğanın son şöbəsi ilə çanaq sümükləri arasında rast gəlinən, iltihabi proses olan ankilozan spondilit zamanı əsasən bel, boyun, kürəkdə şiddətli ağrılar və hərəkətsizlik yaranır. Xəstəliyin inkişafı dövründə bəzən onurğada əyilmə, hərəkətsizlik də müşahidə edilir. Onun xüsusi bir səbəbi hələ bilinməsə də, yaranmasında əsasən genetik faktorların rol oynadığı deyilir.
Bununla yanaşı əlavə faktorlar da qeyd olunur. Hesab edilir ki, immun sisteminin normadan artıq çalışması, orqanizmin özünə zərər verməsi nəticəsində belə bir xəstəlik yaranır. Xəstəliyin əsas əlamətləri əsasən 15-40 yaşlarda özünü göstərir. Amma daha aşağı və yuxarı yaşlarda da rast gəlinir. Kişilərdə qadınlara nisbətən 2-3 dəfə çox təsadüf edilir.
Bəs ankilozan spondilit necə müalicə olunmalıdır?
Mütəxəssislər hesab edir ki, burada əsas məqsəd ağrının və onurğada yaranan sərtləşmənin, forma dəyişməsinin qarşısını almaq, xəstənin daim aktiv olmasına nail olmaqdır.
Tam müalicəsi olmayan xəstəlik olsa da, müalicə metodları və davamlı idman bir çox xəstələrdə yaxşı nəticələr əldə etməyə imkan verir. Ona görə də mütəmadi olaraq rəqs, gimnastika hərəkətləri etmək vacib sayılır.
Xatırladaq ki, hər il mayın ilk şənbə günü Dünya Ankilozlaşdırıcı Spondilit Günü kimi qeyd olunur.