Oğrular əməliyyat nəticəsində saxlanıldılar
Yanvarın 19-dan 24-dək olan müddətdə Binəqədi rayonunda bir gözəllik salonundan 700 manat, bir xəstəxananın müalicə otağından 572 manat və mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A.Həsənov rayon polis idarəsinin 5-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Rakus.az-a bildiriblər ki, Binəqədi rayonunda evlərin birindən 6 min manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Salyan rayon sakini, əvvəllər məhkum olunmuş Ç.Dadaşov Kriminalistik Tədqiqatlar İdarəsi, Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsi, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 17 saylı Cəza Çəkmə Müəssisəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il dekabrın 28-də saxlanılıb.
Sabunçu Rayon Polis İdarəsinin 15-ci polis bölməsinə müraciət edən Zabrat qəsəbə sakini F.Musayev yanvarın 21-də qəsəbədə bir nəfərin onun içərisində 183 manat və şəxsiyyət vəsiqəsi olan pulqabısını açıq talama yolu ilə aldığını bildirib. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Səfərov polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.