Çində xaricilər arasında yoluxma faktı qeydə alındı
Çində dekabrın sonundan başlayaraq yayılan koronavirusun yeni növünə ilk dəfə xaricilərin yoluxması faktı qeydə alınıb.
Rakus.az xəbər verir ki, ölkənin cənubundakı Quandun vilayətində 2 Avstraliya vətəndaşı və bir Pakistan vətəndaşı bu virusa yoluxublar. Vilayətin səhiyyə qurumunun rəsmilərinin açıqlamasına əsasən, tibbi nəzarət altında olan hər 3 şəxsin vəziyyəti sabitdir. Onların virusa necə yoluxması hələ bilinmir. Avstraliya vətəndaşları barədə detallar açıqlanmasa da, Pakistan vətəndaşının Uxan şəhərində təhsil alan tələbə olduğu bildirilir. O, yanvarın 21-də Quandun vilayətinin Şencen şəhərinə, 3 gün sonra isə Quancou şəhərinə gəlib.
Səhiyyə qurumları həmin şəxslərin yaxın ünsiyyətdə olduqları adamların müəyyən edilməsi istiqamətində işə başlayıb.
Qeyd edək ki, Çində koronavirusun indiyədək aşkar edilməmiş növünə (2019-nCoV) yoluxanların sayı 6 min 86, bu virus səbəbindən ölənlərin sayı isə 132 nəfərə çatıb. Virusa yoluxmaqda şübhəli bilinənlərin sayı isə 9 min 239 nəfərə çatıb. İndiyədək 115 nəfər sağalaraq xəstəxananı tərk edib. Virusa ən çox yoluxma və ölüm halları Xubey vilayətində qeydə alınıb – 3554 yoluxma və 125 ölüm.
Çindən başqa, Tailand, Cənubi Koreya, Yaponiya, Vyetnam, Sinqapur, ABŞ, Malayziya, Fransa, Avstraliya, Nepal, Kanada, Almaniya, Şri-Lanka, Kamboca və Birləşmiş Ərəb Əmirliklərində ümumilikdə 71 nəfərin virusa yoluxması təsdiqlənib. Həmin xəstələrin əsas hissəsi ya Xubey sakinləri, ya da bu yaxınlarda Xubeydə səfərdə olanlardır. (Azərtac)