Uhanda Yaponiya vətəndaşlarının təxliyəsi davam edir
Yanvarın 30-da səhər saatlarında Çinin Uhan şəhərindən Yaponiya vətəndaşlarını təxliyə edən ikinci təyyarə Tokionun “Haneda” beynəlxalq aeroportuna enib.
Rakus.az Yaponiya Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, təyyarənin göyərtəsində 210 Yaponiya vətəndaşı olub. Bu, son iki gündə həmin şəhərdən həyata keçirilən ikinci təxliyə reysidir.
Yaponiya hökumətinin göndərdiyi həmin çarter reysi Çinə müxtəlif yardım vasitələri – tibbi maskalar, dezinfeksiya üçün maddələr və digər ilkin yardım vasitələri çatdırıb.
Səhiyyə Nazirliyinin nümayəndələrinin bildirdiyinə görə, təyyarənin göyərtəsində olan sərnişinlər tibbi personal tərəfindən müayinə olunacaqlar. Bundan sonra onların virusla əlaqədar analiz vermələri üçün müvafiq səhiyyə müəssisələrinə göndəriləcəyi qeyd edilir.
Yaponiya hökuməti Uhan şəhərində qalmış, lakin Tokioya dönmək istəyən yaponların təxliyəsi məqsədilə həmin şəhərə əlavə reyslər göndərməyi planlaşdırır.
Xatırladaq ki, yanvarın 29-da həyata keçirilən ilk belə reyslə 206 Yaponiya vətəndaşı təxliyə olunub. Onlardan 12-də xəstəliyin simptomları müəyyən edilsə də, heç birində koronavirus infeksiyasının mövcudluğu təsdiq olunmayıb. Bununla yanaşı, Yaponiyada koronavirusa yoluxma ilə bağlı artıq 11-ci halın qeydə alındığı bildirilir. (Azərtac)