Əməkdaşlıq haqqında kitab təqdimatı oldu - FOTO
Aprelin 12-də Bakıda “Azərbaycan və Böyük Britaniya əməkdaşlığının 100 illiyi” kitabının təqdimat mərasimi keçirilib.
Rakus.az xəbər verir ki, kitabın müəllifi, SOCAR-ın vitse-prezidenti Rəfiqə Hüseynzadə Britaniyanın “Senate Publishing” nəşriyyatı tərəfindən çap olunan əsər barədə ətraflı məlumat verib. Bildirib ki, bu kitabda Azərbaycan ilə Böyük Britaniya arasındakı münasibətlərin bütün sahələrinə dair məlumatlar yer alıb. İki ölkə arasında əlaqələrə toxunan R.Hüseynzadə bu münasibətlərin müxtəlif sahələri əhatə etdiyini bildirib. Qeyd edib ki, bu əlaqələrin qurulması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün bu əlaqələr Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir.
Xarici işlər nazirinin müavini Ramiz Həsənov Azərbaycan ilə Böyük Britaniya arasındakı əlaqələrin tarixindən danışıb. Bildirib ki, bu əlaqələrin dərin tarixi kökləri var. Böyük Britaniya Azərbaycanın müstəqilliyini tanıyan ilk Qərb ölkələrindən biri olub. Ulu öndər Heydər Əliyevin 1994-cü ildə Böyük Britaniyaya səfəri ilə iki ölkə arasında münasibətlər daha da dərinləşdi. Bu gün bu münasibətlər Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Ölkələrimiz arasında əlaqələrin daha çox enerji sahəsi ilə bağlı olduğunu deyən R.Həsənov bu münasibətlərin digər sahələrdə də inkişaf etdiyini bildirib. Azərbaycan və Böyük Britaniya təhsil sahəsində də uğurlu əməkdaşlıq edirlər. Çoxsaylı azərbaycanlı tələbələr bu ölkədə təhsil alır.
Sonra BP şirkətinin baş icraçı direktoru Bob Dadlinin tədbir iştirakçılarına təbriki səsləndirilib. Təbriki “BP Azerbaijan” şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə regionu üzrə əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli oxuyub.
Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov tədbirdə çıxış edərək ölkələrimiz arasındakı əlaqələrin tarixindən və müasir inkişaf səviyyəsindən danışıb. Qeyd edib ki, müstəqillik dövründə Azərbaycan-Britaniya əlaqələri daha da genişlənib. Bu əlaqələrin inkişafında ulu öndər Heydər Əliyevin böyük xidmətləri olub. Ölkələrimizin münasibətlərində inkişafın yeni mərhələsi Prezident İlham Əliyevin adı ilə bağlıdır. Böyük Britaniya Azərbaycanın Avropada ən etibarlı tərəfdaşlarından biridir. Bu gün BP şirkəti dünyada enerji sahəsində fövqəladə rola malikdir. Azərbaycan və Böyük Britaniya münasibətləri digər Avropa ölkələri üçün nümunədir.
“Senate Publishing” nəşriyyatının rəhbəri, Lordlar Palatasının üzvü David Evans iki ölkə arasındakı münasibətlərdən söhbət açıb. Bildirib ki, Azərbaycan və Böyük Britaniya arasında dərin dostluq münasibətləri, sıx iqtisadi əməkdaşlıq əlaqələri var. Azərbaycanda Böyük Britaniyanın 500-ə yaxın şirkəti fəaliyyət göstərir. Əminik ki, səmimi dostluğa söykənən bu münasibətlər bundan sonra da davam etdiriləcək.