İran OPEC+ hasilat qərarını dəstəkləyəcək
“OPEC neft hasilatını daha da azaltmaq barədə qərar qəbul edəcəyi təqdirdə İran bunu dəstəkləyəcək”.
Rakus.az xəbər verir ki, bu sözləri İranın Neft naziri Bijən Namidar Zəncənə deyib.
Nazir OPEC-ə üzv və kartelə üzv olmayan ölkələrin təsis etdiyi “OPEC+” koalisiyasının texniki komitəsinin neft istehsalını sutkalıq daha 600 min barrel azaltmaq barədə tövsiyəsini şərh edib. O, İranın OPEC üzvlərinin əksəriyyəti tərəfindən razılaşdırılmaqla neft hasilatının azaldılması qərarını dəstəkləyəcək.
OPEC və qeyri-OPEC ölkələrinin Birgə Texniki Komitəsinin (JTC) neft hasilatının daha 600 min barrel azaltmağı tövsiyə etdiyi bildirilir. “OPEC+” koalisiyası dünya neftinin 40 faizdən çoxunu təmin edir.
Xatırladaq ki, OPEC-in baş katibi Məhəmməd Barkindo daha əvvəl martda Vyanada Neft İxrac Edən Ölkələr Təşkilatının iclasının keçiriləcəyini deyib. Lakin iclasın fevralda təşkili istisna edilmir. Belə ki, yanvarda dünya birjalarında xam neftin qiyməti 18 faiz azalıb. Hazırkı qiymət isə OPEC-ə üzv ölkələrin əksəriyyətinin dövlət xərclərini ödəmək üçün tələb olunan qiymət səviyyəsindən aşağıdır. OPEC koronavirusun səbəb olduğu neft tələbatındakı azalma səbəbindən çətin günlər keçirir.
2019-cu il dekabrın 6-da OPEC və qeyri-OPEC Nazirlərinin VII Görüşündə “OPEC plus” üzrə gündəlik neft hasilatının daha 500 min barrel azaldılması barədə qərar qəbul edilib. Yeni “Əməkdaşlıq Bəyannaməsi”nə uyğun olaraq, Azərbaycanın öhdəliyi 27 min barrel müəyyən edilib. 2020-ci ilin yanvar ayından etibarən Azərbaycan gündəlik neft hasilatını 769 min barrel həcmində saxlamalıdır.