Elinanın cinayətində yeni iz – məhkəmə olacaq - FOTO
Səbail rayonu 162 nömrəli tam orta məktəbin səkkizinci sinif şagirdi, 2004-cü il təvəllüdlü Elina Hacıyevanın ölümü ilə bağlı yenidən məhkəməyə müraciət edilib.
Rakus.az xəbər verir ki, Bakı Şəhər Prokurorluğu tərəfindən verilən qərardan məhkəməyə şikayət olunub.
Belə ki, mərhumun anası və nümayəndələri məktəbin tərbiyə işləri üzrə direktor müavini Lalə Məhərrəmova və Kliniki Tibbi Mərkəzin həkimləri barəsində cinayət işinin başlanması ilə bağlı Bakı Şəhər Prokurorluğuna müraciət ediblər. İstintaq zamanı Bakı Şəhər Prokurorluğunda həmin şəxslərlə bağlı cinayət işi açılmayıb.
Ötən il Bakı şəhəri Səbail rayonu 162 nömrəli tam orta məktəbin səkkizinci sinif şagirdi, 2004-cü il təvəllüdlü Elina Hacıyevanın təhsil aldığı məktəbin üçüncü mərtəbəsindən özünü ataraq intihar etməsi faktı ilə Bakı Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
İş üzrə məktəbin direktoru Sevinc Abbasova Cinayət Məcəlləsinin 143-cü (təhlükədə qoyma) və 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub və məhkəmənin qərarı ilə barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.
Daha sonra Cinayət Məcəlləsinin 125-ci (ölüm həddinə çatdırma) maddəsi ilə açılan cinayət işinə xitam verilib. Səbail rayon Məhkəməsinin hökmü ilə Sevinc Abbasova ev dustaqlığında olduğu müddət nəzərə alınmaqla 2 il 2 ay 14 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
S.Abbasovaya saat 23:00-dan 07:00-a qədər yaşadığı evdən çıxmaq qadağan olunub. O, elektron qolbaq taxacaq. Bakı Apellyasiya Məhkəməsi Səbail Rayon Məhkəməsinin hökmünü dəyişdirmədən saxlayıb.