Əfqanıstanda 8 mülki vətəndaş öldürüldü
Əfqanıstanda həyata keçirilən hava hücumu hamısı mülki vətəndaş olduğu güman edilən azı 8 nəfərin ölümünə səbəb olub.
Rakus.az xəbər verir ki, hücum ABŞ-ın sülh danışıqlarında irəliləyiş olduğunu deməsindən sonra baş verib.
Birləşmiş Ştatlar prezidenti Donald Tramp cümə axşamı ABŞ-ın Əfqanıstandakı qoşunlarını azaltması ilə əlaqədar “Taliban”la razılığa gəlmək “ehtimalının yüksək” olduğunu deyib.
ABŞ dövlət katibi Mayk Pompeo son günlərdə “Taliban”la sülh danışıqlarında əhəmiyyətli irəliləyişin olduğunu, müdafiə naziri Mark Esper isə “Taliban”ın bir həftə zorakılıqların azaldılması ilə bağlı təklifi qəbul etdiyini bildirmişdi.
Lakin cümə günü Nangarhar vilayətində mülki şəxslərin olduğu nəqliyyat vasitəsi havadan hücuma məruz qalıb. Yerli sakinlərin dediyinə görə, biri uşaq olmaqla, 8 nəfər ölüb.
Nangarhar vilayəti qubernatorunun nümayəndəsi hadisəni təsdiqləsə də, qurbanlar kimliyi barədə məlumat verməyib.
“Taliban” sözçüsü Zabihulla Mücahid hücum zamanı 11 mülki vətəndaşın öldüyünü bildirib.