“Tort etirazı“na son qoyuldu
Fevralın 18-dən Slovak parlamentində “tort etirazı“ keçirən altı müxalifətçi deputat öz aksiyalarına son qoyub.
Rakus.az xəbər verir ki, çıxışlar üçün nəzərdə tutulan əsas kürsünü zəbt edən altı deputat oraya tort qoyaraq parlament iclaslarının adəti qaydada keçirilməsinə imkan vermirdilər. Aksiyanın başa çatmasından əvvəl hökumət başçısı, sosial-demokrat Peter Pelleqrini iclas zalına gətirilmiş əlavə kürsüdən çıxış edərək, siyasətçilərin bu addımını kəskin tənqid edib. O, demokratiyanın mühüm sütunlarından biri olan parlamentə qarşı həyata keçirilən aksiyanı hörmətsizlik kimi dəyərləndirib, bu addımla həmin deputatların demokratiya haqqında yanlış təsəvvürlərini çılpaqlığı ilə göstərdiklərini ifadə edib. Baş Nazirin çıxışı başa çatmamış, etirazçı deputatlar könüllü şəkildə zəbt etdikləri əsas kürsüdən uzaqlaşıblar.
Liberal düşərgəni təmsil edən altı müxalifətçi deputat mətbuat açıqlamasında öz etirazlarını bir neçə gün sonra baş tutacaq parlament seçkiləri ərəfəsində parlamentin xüsusi iclası ilə əsaslandırıblar. Həmin iclasın gündəliyinə əsasən təqaüdçülərə əlavə ödənişlərin verilməsi, uşaq pulunun artırılması və digər imtiyazlar barədə məsələlər müzakirəyə çıxarılmalıdır. Tələm-tələsik çağırılan bu iclası qeyri-qanuni hesab edən etirazçıların fikrincə, hökumət seçkilərin bir addımlığında keçirilən həmin iclasda qəbul edilən qərarlarla seçiciləri ələ almaq məqsədi güdür. Eyni zamanda, seçkilərdən sonra formalaşacaq yeni hökumət bu öhdəlikləri maliyyələşdirməkdə çətinlik çəkəcək.