Neftçalanın sabiq icra başçısı apelyasiya vermədi
Neftçalanın həbs edilən sabiq icra başçısı İsmayıl Vəliyev barəsində seçilən həbs qətimkan tədbirindən apelyasiya şikayəti verməyib.
Rakus.az xəbər verir ki, həbs olunan şəxslərdən yalnız rayonun Memarlıq və tikinti şöbəsinin müdiri Vüqar Nağıyev barəsində seçilmiş həbs-qətimkan tədbirindən apelyasiya şikayəti verib. Digər saxlanılan şəxslər isə bu hüquqlarından istifadə etməyiblər.
Xatırladaq ki, cinayət işləri üzrə İsmayıl Vəliyev vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, külli miqdarda təkrar rüşvət alma, mənimsəmə faktlarına görə, Vurğun Əkbərov, Anar Cəfərov, Vüqar Nağıyev, rayon Mərkəzi Xəstəxanasının baş həkimi Telman Zahidov, rayon Təhsil şöbəsinin müdiri Əjdər Kərimov və digərləri rüşvət alma və rüşvət vermə ilə bağlı faktlara görə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə şübhəli şəxs qismində saxlanılıblar.
Səbail rayon Məhkəməsi sabiq icra başçısı İsmayıl Vəliyev, onun birinci müavini olmuş Vurğun Əkbərov, Memarlıq və tikinti şöbəsinin müdiri Vüqar Nağıyev, şöbə müdiri Anar Cəfərov, rayon Mərkəzi Xəstəxanasının baş həkimi Telman Zahidov, rayon Təhsil şöbəsinin müdiri Əjdər Kərimov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. (apa.az)