Xalq artistinin 75 illiyinə tamaşa göstəriləcək
Martın 7-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Xalq artisti Xuraman Hacıyevanın anadan olmasının 75 illiyinə həsr olunmuş “Sərgüzəşti-Vəziri-Xani-Lənkəran” tamaşası nümayiş olunacaq.
Rakus.az xəbər verir ki, tamaşadan əvvəl aktrisanın həyat yolu və fəaliyyətindən danışılacaq, onun yaratdığı obrazlar qalereyasından söhbət açılacaq.
Xuraman Hacıyeva 1945-ci il martın 7-də Bakıda dünyaya göz açıb. 1965-ci ildə ekranlaşdırılan “Arşın mal alan” bədii filmində Asya rolu ilə şöhrət qazanan aktrisa 1972-ci ildən ömrünün sonunadək Gənc Tamaşaçılar Teatrında çalışıb. Xuraman Hacıyeva teatrın səhnəsində bir-birindən maraqlı obrazlar yaradıb. O, teatrdakı fəaliyyətinə görə 1979-cu ildə Əməkdar artist, 1999-cu ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb.
Aktrisa 2005-ci il fevralın 15-də Bakıda vəfat edib.