İranda 2 şəhər karantinə alındı – Ruhani ABŞ-a yox dedi - FOTO
Şİranda koronavirus infeksiyasının yayılması hökuməti daha ciddi addımlar atmağa vadar edib.
Rakus.az xəbər verir ki, virusun ən çox yayıldığı Sistan-Bəlucistan vilayətindəki Çabahar və Nişabur şəhərləri karantinə alınıb. İranın rəsmi dövlət xəbər agentliyi olan İRNA-nın yazdığına görə bu şəhərlərə giriş-çıxış qadağan edilib. Təyyarə reysləri qeyri-müəyyən vaxta kimi təxirə salınıb. İnsanlara küçələrə çıxmamaq barəsində xəbərdarlıq edilib.
Xatırladaq ki, Çabaharda İranın Sakit okeana çıxışı olan yeganə limanı yerləşir.
Bu arada İran Prezidenti Həsən Ruhani ABŞ-ın koronavirusa qarşı mübarizədə İrana yardım təklifini qəbul etməyib.
H.Ruhani İrana qarşı sanksiyalar tətbiq etməklə, insanları məhrumiyyətlərə düçar edən bir dövlətin rəsmilərinin yardım bəyanatlarının səmimi olmadığını bildirib. O deyib: “İndi biz İran xalqına qarşı düşmənçilik siyasəti yürüdən insanların yardım təklifini qəbul etmirik”.
Prezident bəyan edib ki, əgər ABŞ rəsmiləri səmimidirlərsə, onda İranın səhiyyə sahəsinə tətbiq etdikləri sanksiyanı aradan qaldırsınlar və insanlar əziyyətdən xilas olsunlar. H.Ruhani bildirib ki, İran xalqı ABŞ rəsmilərinin yalan danışdığını başa düşür və onların yardımına ümid etmir. İran öz imkanları hesabına koronavirusa qarşı mübarizə apararaq onu məhv edəcək.
İran Səhiyyə Nazirliyinin mətbuat katibi Kiyanuş Cahanpur KİV nümayəndələrinə bildirib ki, hazırda ölkədə bu virusa yoluxan 7161 nəfər var. Bu günədək virusa yoluxan 240 nəfər həyatını itirib. Onun sözlərinə görə, son 24 saatda koronavirusa 595 nəfər yoluxub. Tehranda və digər şəhərlərdə dezinfeskiya işləri davam etdirilir. Novruz bayramı ilə əlaqədar keçirilməsi nəzərdə tutulan bütün kütləvi tədbirlər təxirə salınıb. Məktəblər, universitetlər, uşaq bağçaları hələ də bağlı olaraq qalır.