OPEC ölkələri ilə Rusiya arasında anlaşılmazlıq dərinləşir
Rusiyanın Baş Naziri Mixail Mişustin neftin qiymətinin həddən artıq ucuzlaşmasına səbəb olan bu anlaşılmazlığa görə məsuliyyətin OPEC ölkələrinin üzərində olduğunu bildirib.
Rakus.az xəbər verir ki, Baş Nazir “OPEC+” sazişindən çıxmaqla bağlı ilk qərarın Rusiya tərəfindən verilmədiyini deyib.
“Əksinə, koronavirusun yayılması səbəbindən vəziyyəti daha da çətinləşdirməmək üçün rəsmi Moskva mövcud sazişin müddətinin ən azı ilin ikinci yarısının sonuna və ya bir ilədək uzadılmasını təklif edib. Bizim məsələyə münasibətimiz tam ölçülmüş və əsaslanmış formada idi. Çünki qlobal iqtisadiyyatın yavaşlaması və beynəlxalq ticarətin azalması səbəbindən enerjiyə tələbat azalmışdı”.
O əlavə edib: “Aşağı neft qiymətləri və rublun zəifləməsi Rusiya iqtisadiyyatı üçün təkcə risk deyil, həm də üstünlüklər yaradır. Bu, ilk növbədə idxalı əvəzetmə proqramları məsələsidir. Bu proqramlar öz nəticələrin verir”.
Xatırladaq ki, martın 5-də OPEC Nazirlər Şurasının 178-ci iclasında kartel üzrə neft hasilatının sutkada 1 milyon barrel, “OPEC+” üzrə isə gündəlik 0,5 milyon barrel azaldılması qərarlaşdırılıb. Lakin “OPEC+” nazirlərinin martın 6-da keçirilən 8-ci görüşündə OPEC-in bu təklifi qəbul edilməyib. Bunun nəticəsində dünya birjalarında neftin qiymətində son 30 ildə ən kəskin ucuzlaşma qeydə alınıb. Belə ki, neftin qiyməti gün ərzində 31 faiz ucuzlaşmaqla 1991-ci ildəki Körfəz müharibəsindən bəri ən aşağı səviyyəyə enib, “Brent” markalı xam neftin qiyməti 31,02 dollar/barrelə düşüb. “OPEC+” üzrə mövcud razılaşmanın müddəti isə martın 31-də başa çatacaq.
Xatırladaq ki, 2019-cu il dekabrın 6-da OPEC və qeyri-OPEC nazirlərinin 7-ci görüşündə “OPEC+” üzrə gündəlik neft hasilatının daha 500 min barrel azaldılması barədə qərar qəbul edilib. Yeni “Əməkdaşlıq Bəyannaməsi”nə uyğun olaraq, Azərbaycanın öhdəliyi 27 min barrel müəyyən edilib. Bu ilin yanvarından etibarən Azərbaycan gündəlik neft hasilatını 769 min barrel həcmində saxlamalıdır.