Novruz bayramı İranda keçirilməyəcək
Koronavirusun geniş yayılmasını nəzərə alaraq, İran hökuməti Novruz bayramı günlərində tətil etməyəcək və adi rejimdə işləyəcək.
Rakus.az xəbər verir ki, bu barədə Prezident Həsən Ruhani televiziya vasitəsilə çıxışında məlumat verib.
Prezident xalqa müraciət edərək, Novruz bayramı günlərində vətəndaşlara evdə qalmağı tövsiyə edib.
İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif isə sosial şəbəkə vasitəsilə dünya dövlətlərinə müraciət edib. O, dünya dövlətlərini günahsız insanların ölməsinə göz yummamağa və ABŞ-ın sanksiyalarına qarşı çıxmağa çağırıb.
İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Kiyanuş Cahanpur bildirib ki, yoluxanların sayı 16 min 169 nəfər, ölənlərin sayı isə 988 nəfərə çatıb. Xüsusi xəstəxanalarda müalicə alan 5389 nəfər isə sağalaraq evə buraxılıb.
İranın Gilan vilayəti koronavirusun ən çox yayıldığı bölgədir. Bu vilayətdən olan məşhur futbolçular Əli Kərimi və Cəlal Hüseyni həmyerlilərinə tibbi ləvazimatlardan ibarət yardım göndəriblər.
Bu arada Pakistanın Baş Naziri İmran Xan sanksiyaların koronavirusla mübarizədə İrana maneə olduğunu bildirib və Vaşinqtonu sanksiyaları aradan qaldırmağa çağırıb.
Qətər, Birləşmiş Ərəb Əmirlikləri ilə yanaşı, UNICEF də iranlı uşaqlar üçün tibbi ləvazimatlardan ibarət yardım göndərib.