Fransa koronavirusa görə aciz qaldı
Fransada koronavirus epidemiyası ilə mübarizə istiqamətində görülən tədbirlər konsensus tapmır.
Rakus.az xəbər verir ki, bir qrup həkimin çağırışına cavab olaraq, hökumət koronavirus epidemiyasına qarşı tədbirləri sərtləşdirmək və karantin müddətini uzatmaq istəsə də, dövlət şurası bununla razılaşmır.
Fransada martın 22-də COVID-19 virusundan 112 yeni ölüm halı qeydə alınmaqla, həyatını itirənlərin ümumi sayı 674 nəfərə çatıb. Ölkədə bir əməkdaşlarını itirməkdən stressdə olan həkimlər karantin müddətinin uzadılmasını tələb ediblər.
Dövlət Şurası “tam karantin” senarisini rədd etsə də, hökumət mövcud karantin rejimini uzatmaq seçimini edib və COVID-19 epidemiyası ilə bağlı yaradılmış elmi şuraya üz tutub. Elmi şuranın müvafiq rəyindən sonra, mövcud karantin rejiminin uzadılacağı mümkünlüyü vurğulanıb.
Bu gün yerli vaxtla səhər saat 10:00-da Prezident Emmanuel Makron audiokonfrans vasitəsilə ölkənin hakim dairələri, eləcə də dini xadimləri, masonlar (francs-maçons) və dünyəvi assosiasiyaların nümayəndələri ilə fikir mübadiləsi aparıb.
Fransada martın 22-dək koronavirusa yoluxanların sayı 16 mini ötüb. Xəstəxanalardakı 7240 koronavirus daşıyıcısından 2200 nəfəri reanimasiya şöbəsinə yerləşdirilib. Onların 35 faizi 65 yaşdan aşağı olanlardır. Ölkə xəstəxanalarında yer çatışmadığına görə xəstələr Lüksemburq, Almaniya və İsveçrəyə aparılıb.
Ölkədə karantin rejiminin 91 824 dəfə pozulduğu bildirilir. İnsanlar karantin rejiminə ciddi riayət etmədiyi üçün bu gündən etibarən rejimi ikinci dəfə pozanlar 135 avro deyil, 1500 avro ödəməli olacaqlar. Karantin rejimini dördüncü dəfə pozmaq isə cinayət kimi qəbul olunacaq və 6 ay həbslə cəzalandırılacaq.