Xalq artisti Emin Ağalarov “Zhara” leyblının ulduzu, müğənni JONY (Cahid Hüseynli) ilə hit duetlərini ekranlaşdırıb.
Rakus.az xəbər verir ki, Rusiyanın musiqi hit-paradlarında birincilik əldə edən “Kamin” adlı bəstənin müəllifi JONY-dir.
Çəkilişləri üç gün davam edən ekran işi izolyasiya tədbirləri başlamamış yekunlaşıb.
Klipdə diqqət çəkən məqam 15 il fərqlə Eminlə JONY-nin eyni qəhrəmanın rolunu canlandırmalarıdır. Hekayədə baş qəhrəman sevgilisi və dostu ilə bankı qarət edir…
“Nəticədən çox məmnunam. Bu, sanki klip yox, bir filmdir! Klipdə rolum kiçik olsa da, düzünü desəm, olduqca emosionaldır. Ekran işində bir neçə saniyə, yəqin ki, illərin çətin təcrübələrinə dəyər.
JONY çox istedadlı musiqiçidir. Onunla birlikdə çoxdan mahnı hazırlamaq istəyirdik. Super bir hit alındı! Mahnı mənim üçün qeyri-adi, klip ondan da qeyri-adidir. Baxın, peşman olmazsınız!”, – deyə E.Ağalarov bildirib.
“Uzun müddətdir Eminlə bir mahnı yazmaq istəyirdim. Amma bu bəstənin tamaşaçılar tərəfindən belə rəğbətlə qarşılanacağını heç ağlıma da gətirə bilməzdim. Mahnıya klip çəkmək qərarına gəldik. Ekran işi mini-film kimi oldu. Hətta orada özümü döyüş filminin aktyoru kimi hiss etdim (gülür). Ümid edirəm ki, hamı işimizdən zövq alacaq”, – deyə JONY söyləyib.
Klip gənc və istedadlı rejissor Aleksandr Romanova həvalə edilib.