Kanada Dağlıq Qarabağı Azərbaycanın ərazisi sayır
“Kanadanın mövqeyi hələ də münaqişənin ATƏT-in Minsk qrupu həmsədrlərinin danışıqlar yolu ilə tənzimlənməsinə nail olmaq üçün fəaliyyətinə güclü və ardıcıl dəstəyimizə əsaslanır”.
Rakus.az xəbər verir ki, bunu Kanadanın xarici işlər naziri Fransua-Filipp Şampan ölkəsindəki Erməni Milli Konqresinə Dağlıq Qarabağ münaqişənin nizamlanmasına dair rəsmi Ottavanın mövqeyi ilə bağlı məktubunda bildirib.
“Bizim mövqeyimiz bu prosesin nəticəsini müəyyənləşdirmir. Kanada münaqişənin hərb yolu ilə həll edilməməsi ilə bağlı Minsk qrupu ilə razıdır. Münaqişənin tənzimlənməsi ilə bağlı istənilən qətnamədə Helsinki Yekun Aktını nəzərə alınmalıdır”, – nazir vurğulayıb.
Aprelin 1-də Kanadanın Türkiyədəki səfirliyi Dağlıq Qarabağda separatçıların keçirdiyi qondarma seçkilərə “Twitter” səhifəsində belə münasibət bildirmişdi: “Kanada Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və martın 31-də Dağlıq Qarabağda keçirilən qondarma seçkiləri tanımır. Bu cür “seçkilər” Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə nail olmaq üçün ATƏT-in Minsk qrupunun da səyləri daxil olmaqla, göstərilən bütün səyləri sarsıdır”.
Xatırladaq ki, Kanadanın Türkiyədəki səfiri eyni zamanda Azərbaycana, Gürcüstana və Türkmənistana akkreditə edilib. (Report)